
“İrəvan Ankara ilə sülhü bərpa etməyə hazırdır” - Mirzoyan
Yerevan Ankara ilə münasibətlərini normallaşdırmağa və iki ölkə arasında sülhü bərpa etməyə hazırdır.
Busaat.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Türkiyədə baş verən güclü zəlzələlərdə həlak olanların ailələrinə başsağlığı verən nazir böhranın həllində həmrəy olmağa çağırıb. “Bu çətin vaxtlarda Türkiyəyə səfər edərkən sizi əmin etmək istərdim ki, Ermənistan bölgədə sülhü bərpa etməyə və Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə hazırdır”, – Mirzoyan bildirib.
Qeyd edək ki, 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri arasında diplomatik münasibətlərin qurulması haqqında protokollar imzalanıb, lakin bu sənədlər ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də isə Ermənistan protokolları ləğv etdiyini açıqlayıb. Bundan sonra 2021-ci ildə Ermənistan və Türkiyə nizamlanma üçün xüsusi nümayəndələr təyin ediblər. Hazırda tərəflər arasında ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində iş aparılır.
Busaat.az























