İrəvan sülh prosesinə zərbə vurur: Ən çox itirən yenə də Ermənistan olacaq

image-setrffjpg-1728371303backend

“Son aylar sülh sazişinin imzalanmasına mane olmaq üçün Ermənistanın göstərdiyi səylər göz qabağındadır. Ermənistan prinsipial məsələlərin həll olunmasına çalışmır, Azərbaycanın ədalətli tələblərini icra etmək istəmir”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, İrəvan əvəzində təklif edir ki, 13 bənddən ibarət bir sülh sazişi imzalansın və burada prinsipial məsələlər öz əksini tapmasın:

“Təbii ki, bu, bizi qane edə bilməz. Çünki Azərbaycan dayanıqlı, etibarlı sülhü təmin edəcək bir sənəd imzalamaq istəyir. Nəyin bahasına olursa-olsun, hansısa sənədə qol çəkməyə çalışmırıq. Yerdə qalan məsələlərin razılaşdırılmasının zəruri olduğu dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb”.

Müsahibimiz qeyd edib ki, digər tərəfdən, Ermənistan Hindistanın və Fransanın vasitəsi ilə silahlanmağa çalışır. Aydındır ki, bu cür cəhdlər Azərbaycan üçün heç bir problem yarada bilməz:

“Çünki Azərbaycanın hərbi xərcləri az qala üç dəfə Ermənistanınkından çoxdur və bizim daha müasir silahlar almaq imkanlarımız var. Bu səbəbdən Ermənistan Azərbaycan üçün hər hansı təhlükə yarada bilməz. Ancaq növbəti dəfə bölgədə sabitliyi poza, Azərbaycana qarşı hansısa təxribat törətməyə cəhd göstərə bilər. Necə ki, 2020-ci ildə iki dəfə belə bir cəhd göstərilib. Ermənistan əvvəlcə Tovuz istiqamətində təxribat törətdi, sonra da sentyabrın 27-də Azərbaycana qarşı hücum kampaniyasına başladı və layiqli cavabını da aldı”.

Abutalıb Səmədov: Ermənistanın silahlanması ona heç bir ciddi uğur gətirə bilməz

Analitikin fikrincə, belə bir cəhdin yenə də baş vermə ehtimalı var və bu səbəbdən Azərbaycan prezidenti həm Ermənistana, həm onu silahlandıranlara xəbərdarlıq edir:

“Dövlət başçısı bu cür cəhdlərin bölgədə sabitliyi, əmin-amanlığı pozacağını izah etməyə çalışır. Azərbaycan prezidentinin Ermənistana yönəlik xəbərdarlıqlarının kökündə dayanan əsas məqam budur. Ermənistanın silahlanması ona heç bir ciddi uğur gətirə bilməz. Əksinə, növbəti itkilərə səbəb ola bilər. Həmçinin, sülh prosesinə ciddi zərbə vurular. Bundan ən çox itirən yenə də Ermənistan olacaq. Bu səbəbdən həm Ermənistan, həm də onun havadarları qonşumuzu silahlandırmaq cəhdlərindən imtina etməlidirlər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki