Bu gün müəyyən işədüzəltmə firmaları mövcuddur ki, bəzi vətəndaşlar iş tapmaq üçün heç şübhəsiz ki, həmin firmalara müraciət edirlər. Bəs görəsən, bu cür firmalar vətəndaşlara həqiqətən də iş tapmaqda yardımçı olurlarmı?
Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Busaat.az-la fikirlərini bölüşüb.
E.Bayramlı bildirib ki, bu problem uzun müddətdir ki, Azərbaycanda müşahidə olunur. Son 20-30 ildə bu sahədə xoşgəlməz hallar yaşanır. Vətəndaşların işsizliyindən istifadə edib, bir çox dələduzlar müxtəlif qanuni və ya qeyri-qanuni ofislər açıb, sosial şəbəkə vasitəsilə reklam edirlər. Guya insanlara normal iş tapmaqda dəstək olacaqlar. Qeydiyyat zamanı vətəndaşlardan hər dəfə ofis xərcləri üçün 5, 10, 20 manat vəsait alınır. “Biz sizinlə əlaqə saxlayacağıq”, “filan-filan işlər var” və s. kimi vədlər verirlər. Hətta, arada bir-iki dəfə də əlaqə saxlayırlar ki, vətəndaşlarda inam yaratsınlar. Müəyyən bir müddət ərzində minlərlə şəxsdən qeyd etdiyimiz məbləği yığıb, sonra da ofisi bağlayıb aradan çıxırlar.
“Bununla bağlı mən son 20 ildir ki, dəfələrlə yazmışam, ortaya faktlar qoymuşam, müzakirələr aparmışam, yenə də heç bir tədbir görülmür. Yəni hu adamlar indiki müasir dövrdə necə qeyb ola bilər? Bilinmir ki, kim harada ofis götürüb? Fikrimcə, bunu aydınlaşdırmaq, tapmaq elə də çətin məsələ deyil. Görünür ki, ortada çox “yaxşı” bir şəbəkə biznesi qurulub. Həmin şəxslər başqa vaxtlarda, digər yerlərdə bu işlə məşğul olurlar. Məsələn, bir dəfə ofisi Bakıda, sonra gedir Sumqayıtda açır, sonra gedir Gəncədə bu işlə məşğul olur. Belə-belə ölkənin işsiz kateqoriyasının olan-qalan pullarını da bu cür dələduzlar talamaqla məşğul olurlar”,- E. Bayramlı qeyd edib.
Sosioloq bildirib ki, bu əslində Əmək və Sosial Müdafiə Nazirliyinin işidir. Sözügedən nazirlik rəsmi olaraq işədüzəltmə büroları açmalı, qeyri-rəsmi işədüzəltmə firmaları qadağan olunmalıdır. Belə bir elan gördükdə aidiyyatı qurumlar hərəkətə keçməli, elan sahibini cinayət məsuliyyətinə cəlb etməlidir.
E.Bayramlının fikrincə, dövlət orqanları ümumi əmək bazarında bir platforma yaratmalı, bütün şirkətlər, dövlət idarələri, təşkilatlar öz elanlarını həmin platformaya verməldirlər. Bundan əlavə, sözügedən platformanın bütün şəhərlərdə daimi fəliyyət göstərən ofisləri olmalıdır. İşə düzəlmək istəyən şəxslər rəsmi şəkildə qanuni fəaliyyət göstərən yerlərə müraciət etməli, qeydiyyata alınmalıdır. Həmin qurumun internet saytında iş siyahısı rəsmi elan olunmalıdır ki, şəffaflıq təmin olunsun. Vətəndaşlar ora müraciət edib, uyğun gəldiyi təqdirdə istədikəri işlə təmin olunmalıdır. Yox, əgər belə olmasa, bu sahədə bazar yığışmayacaq. Yəni açıq-aşkar dələduzluq, saxtakarlıq yolu ilə vətəndaşlar kütləvi şəkildə talanacaq.
“Düşünürəm ki, bu cür dələdəuzluqla qarşılaşan vətəndaşların şikayəti əsasında bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunsa, digərlərinə də dərs olar. Amma görünür ki, heç bir fırıldaqçı işədüzəltmə firması cəzalandırılmadığına görə başqalarının da əl-qolu açılır. Və bu şəbəkə getdikcə böyüyür”, – sosioloq vurğulayıb.