
İspaniyada dəmiryol işçiləri tətil edir
İspaniyanın Renfe dəmir yolu şirkətinin işçiləri maaşlarının artırılması tələblərinin yerinə yetirilməməsi səbəbi ilə tətilə çıxıblar.
Busaat.az xəbər verir ki, Renfe işçilərinin bağlı olduğu həmkarlar ittifaqları, kollektiv müqavilələrdə maaş artımının inflyasiya nisbətində edilmədiyini iddia edərək, 7 və 13 noyabr tarixlərində 2 günlük iş yerlərini tərk etmək qərarına gəliblər.
İspaniyada təxminən 14 min dəmiryol işçisinin iştirak etdiyi tətil səbəbiylə bir çox qatar stansiyasında uzun növbələr yaranıb.
Nəqliyyat Nazirliyi gün ərzində şəhərətrafı xidmətlərdə minimum 50 faiz, sürətli qatarlarda 72 faiz, yük qatarlarında isə 25 faiz xidmətə zəmanət verildiyini açıqlayıb.
Həmkarlar ittifaqları həmçinin 2022-ci ildə müvəqqəti müqavilə ilə işləyən kadrların 2023-cü ildə müddətsiz müqavilələrə keçirilməsini tələb edirlər.
Qeyd edək ki, İspaniyada infliyasiyanın 2022-ci ilin sonunda 8,7 faiz olacağı gözlənilir.
Busaat.az























