
İsrail qüvvələri İordan çayının qərb sahilində 18 fələstinlini saxlayıb
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 18 fələstinlini nəzarətə götürüb.
Busaat.az-ın əldə etdiyi xəbərə görə, bu barədə İsrail ordusu yazılı açıqlama verib.
Bildirilib ki, İsrail qüvvələri İordan çayının qərb sahilinin bir çox bölgəsinə və Beytlehemdəki Dehişe Qaçqınlar Düşərgəsinə basqın edib.
Açıqlamaya görə, basqınlar zamanı nəzarətə alınan 18 fələstinlidən 3-ü Dehişe Qaçqınlar Düşərgəsindən olub və düşərgəyə basqın edən İsrail əsgərləri ilə fələstinlilər arasında döyüş başlayıb.
Məlumatda basqına qarşı çıxan fələstinlilərin daş və molotof kokteyli atdığı, İsrail qüvvələrinin atəş açaraq cavab verdiyi, bir polis məmurunun yüngül yaralandığı və xəstəxanada müalicə olunduğu bildirilib.
Düşərgədəki yerli mənbələrdən əldə edilən məlumata görə, İsrail ordusunun basqını zamanı bir fələstinli ayağından əsl güllə ilə yaralanıb və onlarla insan İsrail qüvvələrinin atdığı gözyaşardıcı qazdan təsirlənib.
İsrail qüvvələri adətən gecə saatlarında fələstinlilərə qarşı həbs əməliyyatları həyata keçirir.
Saxlanılan fələstinlilər əvvəlcə yaşayış məntəqələrində yerləşən müvəqqəti saxlama mərkəzlərinə aparılır. Sonra onları istintaq mərkəzlərinə və ya həbsxanalara göndərirlər. Bəziləri də sərbəst buraxılır.























