
İsrail qüvvələri Məscidül-Əqsanın qapısında cümə namazına gələnlərə hücum etdi
İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya cümə namazı qılmaq üçün gələnlərə hücum edib.
Busaat.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, on minlərlə Fələstinli və əcnəbi müsəlman cümə namazını qılmaq üçün hər həftə olduğu kimi Məscidül-Əqsaya axışıb.
Məscidül-Əqsanın girişlərindən biri olan Əl-Əsbat Qapısında bir çox İsrail polisi müqəddəs məbədə girənlərin kimliyini yoxlamağa başlayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, İsrail polisi bir nəfərə hücum edib və xaos yaşanıb.
İsrail qüvvələrinin gözyaşardıcı qazla müdaxiləsi nəticəsində bir nəfərin ayağı sınıb. Bildirilib ki, xəsarət alanlar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.
Sosial mediada paylaşılan görüntülərdə bir nəfərin aldığı zərbə nəticəsində başından qan axdığı görülüb.
Digər tərəfdən Fələstin mediası hadisələrdə İsrail polisinin 1 nəfəri saxladığını açıqlayıb.























