
İsrailin Dəməşqə hava hücumu nəticəsində bir suriyalı hərbçi yaralanıb
Suriyanın raketdən müdafiə sistemləri İsrailin Dəməşqin kənarındakı hərbi obyektlərə endirdiyi hava zərbəsini dəf edib
Busaat.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücum nəticəsində bir suriyalı hərbçi yaralanıb.
“İsrail təcavüzkarlarının hücumu yerli vaxtla 23:05-də (Bakı vaxtı ilə saat 00:05) həyata keçirilib. Düşmən işğal olunmuş Colan təpələri istiqamətindən raket zərbəsi endirib. Raket əleyhinə müdafiə sistemləri paytaxtın cənub və cənub-şərq ətrafı üzərində bir neçə raketi vuraraq hava hədəflərini vurub”, – agentlik bildirib.
Dubayda yerləşən Əl Hadath televiziyasının məlumatına görə, hücumda azı iki şiə polis əməkdaşı öldürülüb, hələlik dəqiqləşdirilməmiş sayda yaralı var.
Daha əvvəl Əl Hadath bildirib ki, zərbələr Dəməşq Beynəlxalq Aeroportu yaxınlığında, Suriya silahlı qüvvələrinə dəstək verən şiə polis qruplarının silah-sursat anbarlarının yerləşdiyi əraziləri hədəf alıb.
Xatırladaq ki, avqustun 7-də İsrail təyyarələri Dəməşqin qərbindəki Əl Kisvah məhəlləsinə və Əl-Dimas aerodromuna hücum edib. Suriya silahlı qüvvələrinin nümayəndəsinin sözlərinə görə, İsrailin təcavüzünü dəf edərkən 4 suriyalı hərbçi ölüb, 4-ü yaralanıb.
Al Hadath-ın məlumatına görə, İsrail 2023-cü ildə Suriya ərazisinə 22 dəfə hücum edərək 50 quru hədəfini vurub. Bu hücumlarda ümumilikdə 28 suriyalı hərbçi və 22 şiə milis qruplaşmasının üzvü həlak olub.























