“Rasim Balayev, Babək söhbəti gündəmdən düşmədi ki, düşmədi. Hər ağızdan bir avaz gəlir.
Mən isə belə deyirəm: kimsə kinoda Babək rolunu oynamaqla Babək olası deyil. Hətta həyatda Babəkin rolunu oynayan da. Həmin şəxs hətta qalib ordunun Ali Baş Komandanı olsa belə.
Qalib komandan öz adı ilə, öz əməli ilə şəksiz qəhrəmandır onsuz da. Onun özgəsinin adına, illah da, tarixdəki yerinə nə ehtiyacı!
Tarixdə hər kəsin öz yeri var: Babəkin Babək kimi, İlham Əliyevin İlham Əliyev kimi. Eləcə də, başqa tarixi şəxsiyyətlərin hər birinin tarixdə öz yeri, xalqının könlündə, yaddaşında, ən başlıcası, Allah qatında öz mərtəbəsi var. Kimsə kiminsə adına, yerinə iddialı deyil. Belə bir iddiada olan varsa da, öz hədəfinə çata bilməyəcək.
Amma günün mövzusuna qayıtsam, belə bir ritorik sual verəcəm: 30 il işğal altında inləyən torpaqları azad etmiş ordunun hər nəfəri qəhrəmandır, yoxsa yox?! Deyəcəksiniz ki, bəli, əlbəttə, qəhrəmandır!
Çox doğru!
O zaman ikinci ritorik sualım: bu qədər qələbələr qazanmış əsgər, zabit qəhrəmandır, amma ona döyüş əmri verən Komandan qəhrəman deyil?!
Hə, kimsə kimisə daxili siyasi müstəvidə antiqərəman kimi görə bilər. Amma bu, o şəxsin döyüşdəki qəhrəmanlığını şübhə altına almır. Bir də hər kəsə öz dəyərini, hər əmələ öz qiymətini verəcəksən. Bu qədər sadə!
…Universitetdə oxuyanda bizə rus ədəbiyyatından dərs deyən dosentlə dava səviyyəsində mübahisəmiz olmuşdu.
“Biz Mirzə Ələkbər Sabiri böyük şair sayırıq, ancaq Blok hara, Sabir hara?!”- deyib kinayəli gülmüşdü.
Mən, təbii ki, bu müqayisəyə etiraz etmişdim, sonra da universitetin qəzetində kiçik bir yazı yazmışdım. Həmin yazıdakı bir cümlə mənə dərs deyən müəllimlə davamıza səbəb olmuşdu ki, bu da semestrin sonunda qiymət kitabçamda öz “qiymətini” aldı (olsun, məni ədəbiyyat müəllimindən deyil, Ədəbiyyatın özündən aldığım qiymət maraqlandırırdı. Tarix fənnindən aldığın qiymətlə sinifdən sinifə, kursdan kursa keçərsən, Tarixdən aldığın qiymətlə isə Tarixə keçərsən. O misal).
Həmin kiçik yazımda müəllimi cin atına mindirən cümlə beləydi: “Gərək hansı səviyyədə filologiya dosenti olasan ki, bir satiriklə bir romantiki müqayisə edib, onlardan birinin daha yaxşı şair olduğu qənaətinə gələsən?!”
Bəli, bir çox hallarda təsbitlərimiz yanlış olunca, təşbehlərimiz ondan da betər yanlış olur. Bizim toplum qavrayışımız emprikdir deyə hər kəsin mütləq bir bənzərini, daha doğrusu, eynisini ya həyatda, ya yaddaşda axtarırıq.
Niyə axı?! Hər kəs öz tarixi hücrəsində rahatdır, öz eksklüzivliyi ilə maraqlıdır. Hər kəs öz yerində möhtərəmdir. Ya da möhtəşəmdir; Mirzə Ələkbər Sabir satirik kimi, Aleksandr Blok romantik kimi…
Rasim Balayevin qurduğu cümləyə və cümlə-camaat tökülüşüb onu “linç” edənlərə gəlincə, biz axı fikir azadlığının aşiqləriyik. Sizin doğru bildiyiniz fikir necə azaddırsa, başqasının yanlış saydığınız fikri də azaddır. Hər cür fikrin (əgər o qanunla qadağan olunmayıbsa) ifadə olunmaq azadlığı var. Qanunla qadağan olunan fikirlərin dairəsi məlumdur: terroru, terrorçuluğu dəstəkləyən, irqi, milli, dini və sair əlamətlərə görə ayrı-seçkiliyi, dözümsüzlüyü təbliğ, təlqin edən çağırışlar…
Bir yaraşıqlı kişini Alen Delona bənzədincə, o zat mütləq dönüb Alen Delon olur?! Yoxsa bir gözəl qadına: “Sofi Lorenə bənzəyirsiniz” deyə iltifat edincə, o xanım dərhal Sofi Lorendir?!
Amma, məsələn, biri məni Otto Latsisə bənzətsə, qürur duyaram, “Sən Latsissən” desə… Yox, incimərəm. Ancaq qəbul da etmərəm. Çünki Latsis boyda publisist deyiləm.
Gündəlik həyatımızda, ünsiyyət etiketimizdə belə hallar olur: xoş sözlər deyirik, xoş bənzətmələr, əzizləmələr edirik. Qədərində olduqca, bunlar gözəldir. Hətta yaşamımızın rəngləri, ilmələri, naxışlarıdır.
Amma…
Sosial mediaya baxıram: hər kəs başqasının ağzını güdür (hələ başqa yerlərini demirəm). Hamı bir-birini təhqir və təhdid edir. Durmadan aqressiya “vulkanları” püskürür sosial ortamda. Hər kəs bir şəkildə bu “şavaş meydanında” başqasını tapdayaraq, əzərək öz “qələbəsini” axtarır.
Bəli, demək olar ki, hər kəs! Özünü dünyanın mərkəzi sayıb, hər kəsə yuxarıdan aşağı baxan ümidsiz narsistlərdən tutmuş, hamının xoşuna gəlməyə çalışan naşı ictimai “artist”lərə qədər…
Başqasının ölümünə sevinənlər belə var.
Hamı olmasa da, çoxu bir-birini aşağılamaqla yuxarı qalxmağa çalışır.
…Gözümün qabağına qarnını doyurmaq üçün öz doğma balalarını yeyən və göz yaşı axıdan məşhur Kayman timsahı gəlir. Ya da su boğazına çıxanda balasını ayağının altına alan meymun…
Doğrudanmı, Darvin haqlıydı?!”
Müəllif: Bahəddin Həzi