Koronavirus bizi bu 3 səbəbə görə öldürür – Həkim “bunları etməyin” dedibackend

Son günlər koronavirusdan ölüm hallarının həm çoxaldığının, həm də gəncləşdiyinin şahidiyik. Pandemiyanın ilk aylarında “xəstəlikdən yalnız qocalar ölür” fikri indi ortayaşlı insanların ölümü ilə təkzibini tapıb.

Maraqlıdır, koronavirusa yoluxanlar arasında ölüm hallarının çoxalması nə ilə bağlıdır? Hansı yanlışa yol veririk?

Busaat.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev ölüm hallarının üç səbəbdən irəli gəldiyini bildirib:

“Koronavirusdan ölüm hallarının gəncləşməsi bir neçə səbəblə bağlıdır. İlkin səbəblərdən biri kimi ölən şəxsdə yanaşı xəstəliyin olmasıdır. Bundan başqa ölümə səbəb virus yükünün çoxluğudur. Yəni, virus bədənə nə qədər çox düşürsə xəstəlik də bir o qədər ağırlaşır.

Ölümə səbəb olan ikinci səbəb insanların yanlış müalicə almasıdır. Bəzi xəstələr özləri özlərini daha da ağırlaşdırır. Məsələn, xəstəliyi yüngül keçirən bəzi şəxslər ağır antibiotiklər, sistemlər istifadə edir və bu da qara ciyərə, böyrəyə pis təsir edir.

Üçüncüsü isə virus yükünün az olması üçün mütləq şəkildə maskadan istifadə etmək lazımdır. Virus yükü nə qədər az olsa, xəstəlik bir o qədər yüngül keçəcək. Eyni zamanda panika, stress də immun sistemini zəiflədir və xəstəlik daha da ağırlaşır. Buna görə insanları panikaya düşməməyə çağırıram”.