
Kosovo Aİ-yə üzvlük üçün ərizə təqdim etdi
Kosovonun baş naziri Albin Kurti ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük ərizəsini Çexiyaya təqdim edib.
Busaat.az xəbər verir ki, Çexiyanın paytaxtı Praqada hökumət binasında keçirilən mərasimdə Kurti üzvlük ərizəsini Çexiyanın Avropa İttifaqı işləri üzrə naziri Mikulas Bekə təqdim edib.
Mətbuat konfransında çıxış edən Kurti, bu müraciəti Kosovo üçün tarixi və Avropada demokratiya üçün böyük bir gün kimi qiymətləndirib.
Albin Kurti deyib: “Biz Praqaya Kosovonun Aİ-nin əsas dəyərlərinə – azadlıq, demokratiya, insan haqları, bərabərlik və qanunun aliliyi kimi sarsılmaz ideallara sadiqliyini bir daha təsdiq etmək üçün gəldik. Aİ-yə üzv olmaq üçün müraciət etdik”.
Nazir Bek Kosovonun Aİ-yə üzvlük prosesini dəstəkləyəcəklərini ifadə edib: “Kosovonun indiyə qədər əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk. Son 6 ayda Qərbi Balkanlarla bağlı məsələlərə fövqəladə əhəmiyyət verdiyimiz üçün müddətli prezidentliyimizin prioritetlərindən birini yerinə yetiririk”.
Baş nazir Kurti Praqaya səfəri çərçivəsində Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə də görüşüb.
Qeyd edək ki, 2008-ci ildə Serbiyadan birtərəfli müstəqilliyini elan edən Kosovonun müstəqilliyini Aİ-nin 5 ölkəsi (İspaniya, Rumıniya, Yunanıstan, Cənubi Kipr, Slovakiya) tanımır.
Busaat.az























