Kriptovalyutalar təhlükəsizliyə çevrilir – Pentaqon mübarizəyə başladı

image-bca80606f9backend

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) kriptovalyutaların milli təhlükəsizliyə təhdid olub-olmamasını araşdıracaq.

Busaat.az xəbər verir ki, Pentaqon rəqəmsal aktivlərin artmasının yaratdığı milli təhlükəsizlik təhdidlərini qiymətləndirmək üçün kriptovalyutaları hərtərəfli yoxlamağa başlayıb.

ABŞ ordusunun istifadəsi üçün internet, GPS, pilotsuz təyyarələr və başqa bu kimi yeni texnologiyaların istehsalına cavabdeh olan DARPA, kriptovalyuta bazarının xəritələşdirilməsinə başlayacaq. Təşkilat Pentaqona kriptovalyuta bazarlarının daxili işlərinin təfərrüatlı görünüşünü göstərəcək müxtəlif alətlər istehsal edəcək. Proqram meneceri Mark Flood The Washington Post qazetinə mövzu ilə bağlı açıqlama verib: “Hazırlanan proqram kriptovalyuta bazarının ətraflı xəritələnməsini ehtiva edir. Bu proqram qeyri-qanuni maliyyə əməliyyatları ilə mübarizə aparmaqdan əlavə, informasiya qıtlığı olan rəqəmsal bazarlar haqqında məlumat əldə etməyi hədəfləyir”.

Daha əvvəl Şimali Koreya hökumətinə bağlı hakerlərin milyardlarla dollarlıq rəqəmsal oğurluq etdiyini iddia edən Flood, Rusiyanın da müharibədən əvvəl Ukraynanın maliyyə sektoruna hücum etdiyini iddia edib. Müştərilərinə ödəniş qarşılığında kriptovalyutalarının mənbəyini gizlətməyə kömək edən Tornado Cash tətbiqi də keçən ay ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalara məruz qalıb. Nazirlik bu tətbiqin Şimali Koreyalı hakerlərə oğurlanmış kriptovalyutaları yumağa kömək etdiyini iddia edib.

“Maliyyə sektoru gələcəkdə müasir müharibənin bir hissəsi ola bilər. ABŞ və müttəfiqlərimizin maliyyə sektorlarını gücləndirmək və qorumaq üçün əlimizdən gələni etməliyik” – deyə, Flood əlavə edib.

Qeyd edək ki, ABŞ Xəzinə Nazirliyi bu həftə kriptovalyutanın yaratdığı milli təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq edib. ABŞ Ədliyyə Nazirliyi də bu ay kriptovalyuta ilə bağlı təhqiqatları və təqibləri koordinasiya etmək üçün 150 prokurordan ibarət təhlükəsizlik şəbəkəsi qurduqlarını bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90