
KTMT-dən çıxmaq üçün heç bir səbəb yoxdur - Qriqoryan
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-Ermənistan münasibətlərini dəyərləndirib.
Armen Qriqoryan Ermənistanla ABŞ arasında əlaqələrin xüsusilə iqtisadi sahədə intensiv inkişaf etdiyini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün digər ölkələrlə əməkdaşlıqda heç bir problem yaratmadığını bildirib.
“Ermənistan və ABŞ münasibətləri baxımından bunu bilərəm ki, bəli, əlaqələr intensiv şəkildə inkişaf edir. Biz ABŞ ilə daha geniş iqtisadi kontekstdə əməkdaşlıq qurmağa çalışırıq, çünki texnologiyaya və inkişaf etmiş iqtisadiyyata sahib olmaq üçün ABŞ-lə əlaqələr çox vacibdir”, – deyə Qriqoryan qeyd edib.
ABŞ-nin yüksək rütbəli iqtisadi rəsmilərinin bu yaxınlarda Ermənistana iki səfər etdiyini bildirən Qriqoryan, “Ermənistan bu məsələ ilə bağlı intensiv işləməyə davam edəcək”, – deyə əlavə edib.
Qriqoryan deyib ki, ABŞ ilə hərbi-siyasi əməkdaşlıq hələ müzakirə mərhələsində deyil, çünki bu cür əməkdaşlığa vaxt lazımdır.
Ermənistanın KTMT-dən çıxmasından söhbət getmədiyini vurğulayan Qriqoryan sözlərini bitirib: “KTMT ilə bağlı digər ölkələrlə əməkdaşlıqda heç bir problemimiz yoxdur. Heç bir məhdudiyyət yoxdur”.
Busaat.az























