
MAQATE: "2,5 ton uran tapılmır"
MAQATE Liviyadakı nüvə materialları ilə bağlı yoxlama və müşahidə fəaliyyətlərinin Liviya ilə Təminat Nəzarəti Sazişi və Əlavə Protokol çərçivəsində həyata keçirildiyi xatırladılıb.
Busaat.az-ın məlumatına görə, təşkilatın açıqlamasında bildirilib ki, MAQATE müfəttişləri martın 14-də səlahiyyətlilərin əvvəllər müəyyən yerdə saxlandığını bildirdikləri, tərkibində 2,5 ton təbii uran olan 10 barelin göstərilən yerdə tapılmadığını müəyyən ediblər.
Bəyanatda qeyd olunub ki, MAQATE uranın qeyd olunan yerdən çıxarılması və mövcud vəziyyətini aydınlaşdırmaq üçün hərəkətə keçib.
Sözügedən vəziyyətin dərhal həll edilməsi və araşdırmaya başlanması lazım olduğuna diqqət çəkən açıqlamada əlavə edilib: “Nüvə materialının mövcud yeri ilə bağlı məlumatların itirilməsi nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqlar doğurduğu kimi radioloji risk də yarada bilər”.
Bəyanatda MAQATE-nin bu istiqamətdə beynəlxalq nüvə təhlükəsizliyi standartlarının və nüvə təhlükəsizliyi təlimatlarının həyata keçirilməsi üçün lazımi yardımı göstərməyə hazır olduğu və MAQATE-nin direktoru Rafael Mariano Qrossinin bu barədə Direktorlar Şurasına məlumat verməyə davam edəcəyi bildirilib.
Busaat.az























