
MAQATE-nin ekspertlər qrupu Tehrana gəldi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) bir qrup eksperti İranın üç nüvə obyektində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyinin araşdırılması çərçivəsində bazar günü Tehrana gəlib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı nüfuzlu Əl-Cəzirə agentliyi yayıb.
“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin beş nümayəndəsindən ibarət nümayəndə heyəti İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyi ilə yeni danışıqlar aparmaq üçün bazar günü Tehrana gəlib” – deyə, məlumatda qeyd edilib.
Çərşənbə günü İranın Atom Agentliyinin rəhbəri Məhəmməd İslami deyib ki, MAQATE nümayəndələri yaxın vaxtlarda Tehrana səfər edəcəklər. Həmin gün Əl-Ərəbiyyə telekanalı MAQATE-nin rəsmi nümayəndəsinə istinadən ekspertlərin dekabrın 18-də İrana gələcəyini bildirib. Tərəflər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərini yerinə yetirməsini müzakirə etmək niyyətindədirlər.
Qeyd edək ki, noyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İran tərəfi ilə Vyana danışıqlarının heç bir nəticə vermədiyini bildirib. Daha sonra Reuters agentliyi MAQATE-nin hesabatına istinadən bildirib ki, Tehran qurumun nümayəndə heyətinin noyabrda bu ölkəyə səfərinə razılıq verib.
Busaat.az























