
MAQATE Şimali Koreyanın nüvə fəaliyyətlərini yaxından izləyəcək
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Şimali Koreyanın nüvə fəaliyyətlərini yaxından izləyəcəklərini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya Xarici İşlər Nazirliyi yayıb.
Nazirlikdən verilən açıqlamada xarici işlər naziri Park Cinin paytaxt Seulda MAQATE-nin direktoru Rafael Qrossi ilə görüşdüyü bildirilib.
Qrossi Şimali Koreyanın nüvə fəaliyyətlərini yaxından izləməyə davam edəcəklərini bildirib.
2019-cu ildə vəzifəyə gəldiyindən bəri ilk dəfə Cənubi Koreyaya səfər edən Qrossi MAQATE-yə üzv ölkələrin Şimali Koreyanın nüvə proqramının ciddiliyi barədə məlumatlılıqlarını artıracaqlarını bildirib.
Qrossi bildirib ki, Şimali Koreyanın nüvə proqramı ilə bağlı narahatlıqlar MAQATE və Cənubi Koreyanın üzərində çalışdığı bir çox mühüm məsələlər sırasındadır.
Nazir Park MAQATE-nin Şimali Koreyanı nüvəsizləşdirmə cəhdlərinə diqqət çəkib və ölkəsinin bu məsələdə Agentliklə daha sıx əməkdaşlıq edəcəyini bildirib.
Digər tərəfdən, Cənubi Koreya prezidenti Yoon Suk Yeol səhər saatlarında Qrossini qəbul edib.
Qəbulda Yoon Şimali Koreyanın nüvəsizləşdirilməsi üçün MAQATE-dən dəstək istəyib.
Qrossi isə, Şimali Koreyanın nüvə proqramının qarşısının alınmasını dəstəkləyəcəyini bildirib.
Agentlik Şimali Koreyadakı nüvə fəaliyyətlərini izləmək üçün peyk görüntülərindən və açıq mənbələrdən istifadə etdiklərini açıqlayıb.
Şimali Koreyanın nüvə proqramının “ürəyi” adlandırdığı Yonbyondakı nüvə kompleksində nə qədər zənginləşdirilmiş uran və plutonium istehsal etdiyi və onların harada saxlandığı dəqiq məlum deyil.
MAQATE 2009-cu ildən sonra Yonbyon nüvə kompleksinə daxil ola bilməyib.
Qeyd edək ki, Şimali Koreya administrasiyası 2022-ci ilin əvvəlindən müxtəlif məsafələrdə 30-dan çox raket sınağı keçirib.
Busaat.az























