
Martda Türkiyə, İsveç və Finlandiya arasında görüş olacaq - Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, İsveç və Finlandiya arasında martın ortalarında keçiriləcək üçtərəfli görüş barədə prezident Ərdoğanla razılığa gəlib.
Busaat.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Estoniyanın Müstəqillik Günü münasibətilə bu ölkəyə səfəri zamanı bildirib.
Estoniyanın baş naziri Kaja Kallas ilə mətbuat konfransında danışan Stoltenberq Rusiyanın Ukraynaya hücumundan sonrakı bir il müddətində baş verən hadisələrdən birinin İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi olduğunu qeyd edib.
İki ölkənin üzvlük prosesində irəliləyişlər olduğunu bildirən Stoltenberq deyib: “Prezident Ərdoğanla yaxşı görüşüm oldu. Danışıqları yenidən başlamaq və mənim himayəm altında Finlandiya, İsveç və Türkiyə arasında iyunda imzalanmış sazişin icrası ilə bağlı martın ortalarında NATO-nun mənzil-qərargahında üçtərəfli görüş keçirmək barədə razılığa gəldik”.
Türkiyənin Finlandiyanın üzvlüyünə müsbət baxdığını və İsveçlə bağlı bəzi məsələlərin olduğunu bildirən Stoltenberq, iki ölkənin üzərinə düşəni etdiyini və üzvlük protokollarını həyata keçirməyin vaxtının gəldiyini vurğulayıb.
Busaat.az























