MİQ: Emin Əmrullayevin işsiz qoyduğu minlərlə müəllim – NAZİRİN ETİRAFI

MİQ: Emin Əmrullayevin işsiz qoyduğu minlərlə müəllim – NAZİRİN ETİRAFIbackend

Təhsil naziri Emin Əmrullayev son günlər açıqlamaları ilə gündəm yaratma qabiliyyətini nümayiş etdirir.

Busaat.az xəbər verir ki, bir neçə gün əvvəl Azərbaycanda elmi tədqiqat işlərinin yüksək səviyyədə olmadığını bildirərək alimlərə ərkyana “çox çalışmağı” məsləhət bilən Emin Əmrullayev bu dəfə də müəllimlərin işə qəbulu ilə bağlı acı rəqəmləri açıqlayıb.

“Facebook” hesabından canlı yayıma çıxaraq sualları cavablandıran nazir MİQ ilə bağlı müsabiqəyə hər il 51 minə yaxın namizədin qoşulduğunu bildirib.

“Müəllimlərin işə qəbulu rəqabətli müsabiqədir. Təxminən hər il 51 min namizəd müsabiqəyə qoşulur və 7-9 min işlə təmin olunur. İşlə təmin olunmayanların sayı çox olduğu üçün narazılıq ola bilər. Lakin bilikli və bacarıqlı şəxslərin işə götürülməsi əsas məqsəddir”, – deyə Emin Əmrullayev qeyd edib.

Emin Əmrullayevin ortaya qoyduğu rəqəmlərin müəllimlərin işlə təmin olunması baxımından ağrıverici gerçəkliyi əks etdirdiyini dərk etmək üçün sadə riyazi hesablamaları bilmək kifayətdir: 51 min namizəddən maksimum 9 min nəfəri işlə təmin edilir.

Problem isə birdən-birə ortaya çıxmır. Problem düşünülməmiş təhsil siyasətindən qaynaqlanır.

Universitetlərdə müəllimlik ixtisası üçün ayrılan yerlərin çoxluğu nəticədə minlərlə müəllimin işsiz qalmasına səbəb olur.

Tələblə təklif arasındakı uçurum isə nazirin qeyd etdiyi rəqəmlərdə açıq-aydın görünür. Əgər müəllimlərin işlə təminində çətinlik varsa, vakansiya yoxdursa, o zaman niyə univeristetlər “müəllim istehsalı” ilə məşğul olur? Nə üçün universitetlərə qəbul planı hazırlanarkən tələb nəzərə alınmır?

İki dəfə keçirilən qəbul imtahanları, “amandır, universitetdə boş yer qalmasın” düşüncəsi, gənclərin gələcəyini oğurlayaraq ali məktəbin, dolayısı yolla ciblərini dolduran idarəçilərin varlığı bütün bu sadaladığımız problemləri yaradır.

Təhsil nazirinin çıxıb rahat bir şəkildə minlərlə müəllimin işsiz qaldığını söyləməsi də ayrı bir dərddir. İş axtaran müəllimlər onsuz da bu rəqəmlərdən xəbərdardırlar, onlara bildiklərini təkrarlamağa heç bir ehtiyac yoxdur. Təhsil naziri bu rəqəmləri açıqlamaqla yox, mövcud problemi həll etməklə məsuldur.

Ümid edirik ki, yaxın zamanda müəllimlərin işlə təmini problemi həll ediləcək.

Emin

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90