
Mişel Obama uşaqların sağlam qidalanması üçün qida şirkəti yaradır
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama uşaqlar üçün sağlam qida və içki istehsal etməyi hədəfləyən yeni şirkət qurduğunu açıqlayıb.
Busaat.az xəbər verir ki, Nyu-Yorkda keçirilən konfransda çıxış edən Mişel Obama “PLEZi Nutrition” adlı şirkətin məhsullarının şəkərin daha az və daha zəngin qida maddələrinə malik olacağı üçün uzunmüddətli perspektivdə uşaqların sağlamlığına daha az zərər verəcəyini bildirib.
Bu sahədə dəyişiklik etmək üçün kənardan çalışaraq fərq yaratmağın mümkün olmadığını ifadə edən xanım Obama sektor daxilində işləmək və qida sənayesini dəyişdirmək üçün fərqli yolların axtarılması lazım olduğunu bildirib.
Bu şirkətlə təkcə sağlam məhsullar istehsal etməyi hədəfləmədiyini qeyd edən Obama, qida sənayesini daha sağlam edəcək bir yarışa başlamağa da ümid etdiyini bildirib.
ABŞ-də uşaqların tövsiyə ediləndən çox şəkər istehlak etdiyini və kifayət qədər qida almadığını vurğulayan Obama “PLEZi Nutrition” şirkəti vasitəsilə uşaqların qidalanmasını yaxşılaşdırmağı hədəflədiyini bildirib.
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ölkədə aktiv və sağlam həyat tərzini təbliğ etmək üçün 2010-cu ildə “Hərəkət edək” (Let’s Move) təşəbbüsü ilə çıxış edib.
Busaat.az























