
Misirdən Türkiyənin Suriya əməliyyatına reaksiya: “Dərhal dayandırın”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misir prezidenti Əbdülfəttah Sisi ilə gürüşü gündəmdə qalarkən, Qahirə-Ankara xəttində diqqətçəkən yeni bir inkişaf yaşanıb.
Busaat.az xəbər verir ki, keçən həftə baş tutan görüşdən sonra ikitərəfli münasibətlərin normallaşması istiqamətində yeni addımların atılacağı gözlənildiyi halda, Misirdən Türkiyənin Suriyanın şimalında keçirdiyi “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı neqativ açıqlama verilib.
Belə ki, ABŞ və Rusiyadan sonra Türkiyənin Suriyada PKK/YPG terror təşkilatına qarşı əməliyyatına Misir də qarşı çıxıb. Misir Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Türkiyə Suriya və İraqa qarşı əməliyyatlarını dərhal dayandırmalıdır.
Türkiyənin əməliyyatlarının Suriya və İraqın suverenliyinə zidd olduğunu müdafiə edən Misir tərəfi, “Son günlərdə Türkiyə və İranın qardaş ərəb ölkələri İraq və Suriyaya qarşı həyata keçirdiyi hücumları böyük narahatlıqla izləyirik. Bu hücumlar iki ölkənin suverenliyinin pozulmasıdır” – deyə, mövqe bildirib.
Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeydin imzaladığı bəyanatda deyilir: “Misir qan tökülməsinin və gələcək qeyri-sabitliyin qarşısını almaq üçün gərginliyi azaltmağa çağırır”.
Busaat.az























