
Moskva Qərbin dondurulmuş aktivlərindən istifadə planlarına lazımi cavab verəcək - Rusiya XİN
Estoniya da daxil olmaqla, dost olmayan ölkələrin Rusiyanın dondurulmuş aktivlərindən öz məqsədləri üçün istifadə etmək planları Moskvanın adekvat cavabı ilə qarşılaşacaq.
Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı brifinqdə bildirib.
“Biz qeyri-dost ölkələrin, o cümlədən yuxarıda adı çəkilən Estoniyanın Rusiyanın dondurulmuş vəsaitlərindən öz siyasi məqsədləri üçün istifadə etmək planlarını yalnız suveren mülkiyyətə kobud müdaxilə kimi qəbul edirik və onlar mütləq müvafiq əks addımla qarşılaşacaqlar və bu əks addım məqsədəuyğun olacaq” – deyə, Zaxarova qeyd edib.
Zaxarova əlavə edib: “Qeyri-dost ölkələrin Rusiya ilə hüquqi sahədə qarşılıqlı fəaliyyətdən imtina etməsi dünya ictimaiyyətinə “onların oğru olduqlarını” nümayiş etdirir. Əgər onlar bunu etsələr müasir qlobal maliyyə arxitekturasının bütün iştirakçılarına milli dövlətlərin suveren aktivlərinin statusunun Qərbin bir sıra ölkələrindəki geosiyasi reallıqlardan asılılığını nümayiş etdirəcəklər”.
Zaxarova bildirib ki, Moskva öz aktivlərinə çıxışı bərpa etmək üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək: “Biz milli mülkiyyətimizin qorunması üçün qəti addımlar atmağa və müəyyən kompensasiya tədbirləri tətbiq etməyə hazırıq”.
Busaat.az























