Paytaxt sakini Zümrüd İbrahimova məktəbdə şagirdlərə qarşı ayrı-seçkilik qoyulduğundan narazıdır.
Busaat.az xəbər verir ki, o, bu barədə Bakupost.az -a şikayətində bildirib.
Z.İbrahimovanın sözlərinə görə, övladı Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır:
“Uşaq rus bölməsində oxuyur. İnformatika fənnindən ona Ləman Cəbiyeva dərs deyir. Müəllim yanına pullu hazırlığa gəlməyən şagirdlərə aşağı qiymətlər yazır, onlara münasibətdə obyektiv davranmır”.
41 yaşlı valideyin qeyd edib ki, Ləman Cəbiyeva onun yanında hazırlaşmayan uşaqlara müxtəlif üsullarla təzyiq göstərir:
“O, müəllim adına yaraşmayan hərəkətlər edir. Bu qanunsuz hərəkətləri etmək cəsarətini isə məktəbin direktoru Elida Rzayevadan alır. Ləman Cəbiyeva direktorun qanunsuzluqları hesabına 35 dərs saatı ilə təmin olunub. Halbuki, o, 9 dərs saatına uyğun MİQ imtahanı üzrə qəbul olunub. Ləman Cəbiyeva abituriyentləri məktəbin daxilində bir sinifdə hazırlaşdırır. Rus dilini bilmir. İnformatika, Rəqəmsal Bacarıqlar, STEAM dərslərini Azərbaycan dilində və qeyri-peşəkar formada keçir”.
Şikayətçi bildirib ki, L.Cəbiyevanın qanunsuz hərəkətlərinə görə qızı və digər sinif yoldaşında psixoloji sarsıntı və səhhətlərində müxtəlif problemlər yaranıb:
“Çox təəssüf ki, bu hadisələr Bakının mərkəzində yerləşən məktəblərin birində baş verir. Sayrtınız vasitəsilə aidiyyəti qurumlara müraciət etmək istəyirəm. Valideyn olaraq onlardan xahişim budur ki, qızımın anonimliyini qorumaq şərti ilə Ləman Cəbiyeva və direktor Elida Rzayevanın qanunsuz hərəkətləri barəsində qanunamüvafiq tədbirlər görəsünlər”.
Məsələ ilə bağlı Namiq Axundov adına 1 nömrəli tam orta məktəblə əlaqə saxladıq.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Oksana Əliyeva Bakupost.az -a “Direktora müraciət edin. Bu barədə səlahiyyətli şəxs deyiləm”, – deyərək dəstəyi asdı.
Məktəbdən isə qeyd edildi ki, direktor hazırda yerində yoxdur.