
Norveç 15 rus diplomatını ölkədən çıxarır
Norveç Rusiyanın Oslodakı Səfirliyində çalışan 15 diplomatı “casusluq”da şübhəli bilinərək ölkədən çıxarmaq qərarına gəlib.
Busaat.az xəbər verir ki, Norveçin xarici işlər naziri Anniken Huitfeldt verdiyi açıqlamada qərarın rus kəşfiyyatının Norveçdəki təsirini azaltmaq və bununla mübarizə aparmaq, milli maraqları təmin etmək üçün mühüm tədbir olduğunu bildirib.
“Persona non qrata” elan edilən 15 rus diplomatın ən qısa zamanda ölkəni tərk etməsi lazım olduğunu vurğulayan Huitfeldt deyib: “Norveçə viza üçün müraciət edən kəşfiyyat işçilərinə viza verməyəcəyik”.
Huitfeldt hökumətin konkret bir hadisəyə əsaslanaraq qərar verib-verməməsi ilə bağlı təfərrüatları açıqlamayıb və ölkənin Daxili Kəşfiyyat Xidməti PST-nin mövzu ilə bağlı lazımi açıqlama verəcəyini bildirib.
Qovulan diplomatların fəaliyyətinin “diplomatik statusları ilə uyğun olmadığı” bildirilsə də, Huitfeldt qeyd edib: “Söhbət adi diplomatlardan yox, diplomatik pərdə altında fəaliyyət göstərən kəşfiyyatçılardan gedir”.
Norveçin “VG” qəzeti ölkədən çıxarılan rus diplomatların sayının ilk dəfədir ki, bu qədər olduğunu yazıb.
Qəzet Rusiyanın Oslodakı Səfirliyində, Kirkenes və Barentsburq konsulluqlarında 40-a yaxın adamın çalışdığını, o cümlədən deportasiya edilən diplomatların olduğunu bildirib.
Busaat.az























