Orduda uşaqlardan istifadə edən Ermənistanı nə gözləyir?

Orduda uşaqlardan istifadə edən Ermənistanı nə gözləyir?backend

Xəbər verdiyimiz kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara uşaqları da cəlb etməsi ilə bağlı faktlar var. Bununla bağlı videogörüntülər sosial şəbəkədə ermənilərin özləri tərəfindən yayılıb. Həmin görüntülərdən aydın olur ki, orduda şəxsi heyətin çatışmazlığını aradan qaldırmaq üçün Valeri adlı yeniyetmənin köməyindən istifadə olunur.

Millət vəkili Sevil Mikayılova  bildirib ki, uşaqların silahlı münaqişələrdə istifadə olunması bir çox beynəlxalq konvensiyalar tərəfindən tam şəkildə qadağan olunur və cinayət əməli sayılır:

“BMT-nin Uşaq Hüquqları Konvensiyası mövcuddur və 2002-ci ildə ona uşaqların silahlı münaqişələrə cəlb olunmasını qadağan edən protokol əlavə olunub. İlk növbədə, həmin konvensiyaya uyğun olaraq orduda 18 yaşınadək uşaqlardan istifadə olunmasına tam şəkildə icazə verilmir. Eyni zamanda, 15 yaşınadək uşaqların silahlı münaqişələrə cəlbi isə cinayət əməli sayılır”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfindən uşaqların münaqişədə istifadə olunması BMT-nin Uşaq Fondu – UNİCEF-in hər il hazırlanan məruzələrinə daxil olunmalıdır:

“Bununla bağlı faktları biz təqdim etməliyik. Çünki həmin cinayət əməli Azərbaycanın ərazisində baş verib. Yuridik olaraq münaqişə gedən ərazilər bizim ərazilərdir. Burada BMT-nin nizamnaməsindən, 51-ci maddənin pozulmasından söhbət gedir, hərbi əməliyyatlar digər ölkənin ərazisində aparılır.  Eyni zamanda BMT-nin özünün 4 qətnaməsi var ki, bu ərazilər Azərbaycan torpağı kimi qəbul olunub və işğalçı ordunun buradan çıxarılmasını tələb edilir. Biz buna görə də UNİCEF-ə müraciət etməliyik və bu məsələnin illik məruzəyə daxil olunmasını istəməliyik”.

S. Mikayılova bildirib ki, ikinci və vacib hüquqi addımımız da beynəlxalq məhkəmədə Ermənistanın bu cinayət əməlinə hüquqi qiymətin verilməsinin tələb olunmasıdır. Buna kifayət qədər faktımız var.

Digər tərəfdən, məsələnin humanitar tərəfi də var ki, bu, artıq Ermənistan dövlətinin öz vətəndaşlarına qarşı qeyri-insani münasibətindən xəbər verir. Uşaqların, – onların iradəsini sındırmaq, aldatmaq daha asandır, – münaqişə ərazilərinə cəlb olunması özü də humanitar cinayətdir, insanlığa qarşı cinayətdir. Bütün dünya birliyi bunu pisləməlidir.

Millət vəkili qeyd edib ki, artıq UNİCEF-in məruzələrində belə halların ən çox Afrika resublikalarında baş verməsi öz əksini tapıb: “Konqo, Dominikan, ÇAD, Sudan kimi ölkələrdə buna qədər belə faktlar qeydə alınıb. Birmənalı şəkildə bunlar pislənilir, beynəlxalq məhkəmələr keçirilir və həmin ölkələrə uyğun sanksiyalar həyata keçirilməsi labüddür. Ermənistanı hansı cəzanın gözləməsinə gəlincə isə, bu məhkəmənin qərarından, məsələyə beynəlxalq hüquq tərəfindən verilmiş qiymətdən asılıdır”.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90