Ortada yeyib, qıraqda gəzən — İki müharibədə də fərarilik edən “diaspor rəhbəri”

image-hikmetcavadovbackend

Rusiyanın Ukraynaya işğal hücumu bu ölkədəki müxtəlif millətlərlə yanaşı, azərbaycanlılar üçün də sınaq oldu, xüsusilə Azərbaycan diasporunun rəhbərliyi üçün. 

Azərbaycan diaspor rəhbərlərinin qarşısında iki mühüm vəzifə var:

Birincisi, soydaşlarımızın təhlükəsizliyinin qorunması, onların odun-alovun içindən çıxarılmasında səfirliyimizlə birlikdə fəaliyyətin həyata keçirilməsidir. Çünki diasporun rəhbəri olan şəxs ən çətin günlərdə soydaşlarımızın köməyinə çatmalıdır.

İkincisi, Ukraynanın haqq mübarizəsinə dəstək verməlidir. Sülh dövründə yaşadığı, işlədiyi və böyük Azərbaycan icmasına rəhbərlik etdiyi kimi, müharibə zamanı da bu postunda ləyaqətlə dayanmalı, həm də Azərbaycanımızın adını uca tutmalıdır.

Diaspor rəhbərlərinin bunu etməsi üçün məhz Ukraynada olması lazımdır. Müharibədən qaçıb Azərbaycanda Ukrayna səfirliyinin önündə dəstək aksiyası keçirmək nə diaspor fəaliyyətidir, nə də bu fəaliyyətə rəhbərlik etmək.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri olduğunu deyən, Azərbaycan diasporuna rəhbərlik iddiasında olan Hikmət Cavadov müharibə başlayan kimi Ukraynanı da, orada çətin vəziyyətdə qalan soydaşlarımızı da ataraq, Azərbaycana qaçdı.

Bakıda Ukrayna səfirliyinin önündə bir neçə nəfərlik “dəstək aksiyası” keçirən H.Cavadov “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, Ukraynanın yanındayıq” deyir. Halbuki, Ukraynada yaşayan və Ukraynada Azərbaycan diasporunun rəhbəri olduğunu iddia edən bu şəxs indi Bakıda yox, Kiyevdə olmalı idi. Həm müharibədə Ukrayna xalqına dəstək verməli, həm də soydaşlarımıza kömək etməli idi. O isə müharibə başlayan kimi Bakı qaçdı. Müharibədən öncə isə deyirdi ki, “müharibə başlasa, vuruşacağıq”.

Əslində bu fərarilik Hikmət Cavadov üçün o qədər də yad hərəkət deyil. 44 günlük Vətən müharibəsində Cavadov eyni fərariliklə Ukraynaya qaçmışdı. Müharibə başlamamaışdan öncə həmişə deyirdi ki, Qarabağın azadlığı uğrunda döyüşəcək. Lakin müharibə başlayandan sonra dərhal Azərbaycanı tərk edərək, Ukraynaya qaçdı. Ən maraqlısı isə bu şəxsin əslən Qarabağdan, işğal edilmiş ərazilərdən olmasıdır və Vətən müharibəsi onun doğulduğu torpaqların azad edilməsi uğrunda aparıldı. O isə ən yaxşı bacardığı fərariliyi seçdi. İndi də Ukraynanı tərk edərək, Azərbaycana qaçması fərariliyin Cavadov üçün vərdiş halına çevrildiyini göstərir.

Səfirliyin önündə bir neçə nəfəri başına toplayıb plakat qaldırmağa nə var ki?!

Əminik ki, Ukrayna xalqı bu haqq savaşından qalib çıxacaq. Ona da əminik ki, müharibədən sonra Hikmət Cavadov Ukraynaya qayıdacaq və yenə “diaspor rəhbəri” olduğunu iddia etməyə başlayacaq, köhnə şakəri olan Azərbaycan diasporunu parçalamaq istiqamətində fəaliyyətini bərpa edəcək və hətta “müharibədə Kiyevdə idim” kimi yalanlar uyduracaq. O, bunu çox yaxşı bacarır.

Lakin diasporla işləyən dövlət qurumları da, Ukraynadakı soydaşlarımız da bunu nəzərə almalıdır. Müharibədə soydaşlarımızı odun-alovun içində qoyan belə şəxslər Azərbaycan diasporunun adına ləkədir.

Azərbaycan diasporunu bu gün Ukrayna xalqı ilə çiyin-çiyinə döyüşən, oradakı soydaşlarımızı qoruyan, azərbaycanlıların təhükəsiz yerə köçürülməsi işində iştirak edən şəxslər təmsil etməli, soydaşlarımız da belə şəxslərin ətrafında birləşməlidir.

Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevin timsalında nümunə göstərə bilərik. R.Tağıyev Xocalı soyqırımının ildönümü ərəfəsində soyqırımı ilə bağlı silsilə tədbirlərin keçirilməsi məqsədilə Brüsseldə səfərdə olub. Müharibənin başladığını eşidən kimi R.Tağıyev səfərini yarımçıq qoyaraq, Ukraynaya qayıdıb. Onunla birlikdə səfərdə olanlara “Ukrayna uğrunda döyüşəcəm, Azərbaycanın adını qoruyacam” deyib. R.Tağıyev həm də Ukraynada Azərbaycanın legitim diaspor rəhbəri kimi soydaşlarımızın təhlükəsiz yerlərə köçürülməsi işinə dəstək həyata keçirir.

Sual yaranır: Ukraynada Azərbaycan diasporunun gerçək rəhbəri kimdir?

Müharibədə Ukraynanı da, oradakı soydaşlarımızı da ataraq, təcili Bakıya qaçan Hikmət Cavadov, yoxsa Avropada səfərini yarımçıq qoyaraq, Ukraynaya qayıdan, Ukrayna xalqı ilə birlikdə döyüşən və azərbaycanlıların həyatının xilas edilməsi istiqamətində işləyən Rövşən Tağıyev?

Cavab təbii ki bəllidir. Bu müharibə Ukraynadakı diaspor fəaliyyətində də sınaq oldu və bundan sonra ortada yeyib, qıraqda gəzən Hikmət Cavadov kimi şəxslərin diaspor adından danışmağa haqqı olmamalıdır.


Demokrat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90