
Türkiyə və ABŞ S-400 məsələsini müzakirə edəcək – Görüşün tarixi AÇIQLANDI

Türkiyənin müdafiə naziri Yaşar Gülər gələn həftə ABŞ-dakı həmkarı Pit Heqsetlə görüşəcək. Tərəflər arasında danışıqların əsas mövzusunun Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı mübahisə olacağı gözlənilir.
Busaat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Gülər və Heqset arasında görüş noyabrın 30-na planlaşdırılıb. Bu danışıqlar dekabrın ortalarında Mayamidə keçiriləcək G20 liderlərinin sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın mümkün görüşündən əvvəl baş tutacaq.
Qeyd edək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 sistemlərini aldıqdan sonra ABŞ-ın F-35 qırıcıları proqramından kənarlaşdırılıb. Vaşinqton həmin sistemlərin F-35 təyyarələrinin məxfi texnologiyaları üçün təhlükə yarada biləcəyindən narahatlığını ifadə etmişdi.
Türkiyə parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Fuad Oktayın sözlərinə görə, Ankara yanvar ayında demokratların Konqresdə nəzarəti ələ almasından əvvəl bu mübahisənin həlli istiqamətində razılığa gəlməyə çalışır. Oktay hesab edir ki, demokrat qanunvericilər Türkiyənin F-35 proqramına qaytarılmasına daha ehtiyatlı yanaşa bilərlər.
Oktay ABŞ və Rusiyanın S-400 məsələsi ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdiyini də bildirib. Lakin o, bununla bağlı əlavə təfərrüat açıqlamayıb.
Şəhla Sabirli























