
Pekin G7-nin Çinin daxili siyasətinə müdaxiləsinə qarşıdır – Xarici İşlər Nazirliyi
Pekin Yeddilik (G7) ölkələrinin Çinin daxili siyasətinə müdaxiləsinə qarşıdır.
Busaat.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian deyib.
“Çinin Honq-Konq, Sincan və Tayvanla bağlı məsələlərdə mövqeyi tutarlı və aydındır. G7-nin xarici işlər nazirlərinin qondarma bəyanatı Çinin mövqeyinə və obyektiv faktlarına məhəl qoymur, Çinin daxili işlərinə qarışır və Çinə qarşı böhtan atır. Çin Xalq Respublikası bu kimi məsələlərə kəskin narazılığını bildirir” – deyə, Zhao bildirib.
O, G7-ni soyuq müharibə zehniyyətindən imtina etməyə və beynəlxalq münasibətlərdə çoxtərəfli yanaşmaya riayət etməyə çağırıb: “Biz G7 ölkələrini soyuq müharibə zehniyyətindən və ideoloji qərəzdən əl çəkməyə, digər ölkələrin daxili siyasətinə müdaxiləni dayandırmağa, yalanları təkrarlamağı və regional münaqişələri təhrik etməyi dayandırmağa çağırırıq”.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Çin həmişə BMT Nizamnaməsinə sadiq olub və əsl çoxtərəflilik nümunəsi göstərib.
Qeyd edək ki, G7 ölkələri nəzərdə tutulan birgə bəyanatda Çinlə mümkün olan hər məsələdə, xüsusən də sülh və təhlükəsizlik, qlobal sağlamlıq, iqlim və biomüxtəliflik böhranı və təbii ehtiyatların qorunması kimi qlobal problemlərdə əməkdaşlıq etmək arzularını ifadə ediblər.
Eyni zamanda, onlar Pekinə status-kvonu güc və ya məcburiyyət yolu ilə dəyişdirmək üçün birtərəfli cəhdlərə qarşı xəbərdar ediblər. G7 Çinə müraciət edərək, BMT Nizamnaməsinin mübahisələrin sülh yolu ilə həlli prinsiplərini dəstəkləmək və təhdidlərdən, məcburiyyətdən, hədə-qorxudan və ya gücdən istifadə etməkdən çəkinməyin zəruriliyini xatırladıb.
Busaat.az























