Pezeşkianın kabinetində azərbaycanlılara yer ayrılacaq?

image-352backend

İranda azərbaycanlılar prezident seçkilərində aktiv iştirak etmək və dəstək verməklə Məsud Pezeşkianın qələbəsində əhəmiyyətli rol oynadı. İndi isə haqlı gözləntiləri var.

Busaat.az-ın məlumatına görə, Kəleybər şəhərinin İran parlamentindəki nümayəndəsi Behnam Rizvani deyib ki, türklər Məsud Pezeşkianın quracağı kabinetdə neçə azərbaycanlı mütəxəssis və təcrübəli kadra yer verəcəyini gözləyirlər:

“Azərbaycanlı millət vəkilləri Pezeşkian və onun quracağı hökuməti tam dəstəkləyir. Bununla da yeni hökumətdə Azərbaycanın özünün layiq olduğu tarixi statusu yenidən qazanacağına ümid edirlər”.

AĞ Partiya sədri Tural Abbaslı Busaat.az-a açıqlamasında deyib ki, İranda prezidentin milli kimliyi heç nəyi həll etmir.

Onun sözlərinə görə, İranda dini lider, ali rəhbər sayılan şəxs bütün proseslərdə, qərarlarda bir nömrəli adamdır:

“İran prezidenti isə ən yaxşı halda ölkədə ikinci adam ola bilər. İrandakı türkçülük və azərbaycançılıq bizim başa düşdüyümüz, anladığımız formada deyil. Yəni kimsə “mən azərbaycanlıyam” dedikdə Şimali Azərbaycan, yəni Azərbaycan Respublikası nəzərdə tutulmur. İran adlı dövlətin şimal əraziləri nəzərə alınır. Ona görə də hansısa azərbaycanlının orada vəzifəyə gətirilməsi həyata keçirilən siyasətdə hər hansı dəyişikliyə gətirib çıxarmayacaq. İranın yürütdüyü dərin siyasi xətt var. Prezidentin fars, türk, yaxud ərəb və ya kürd olmasından asılı olmayaraq, İranın siyasəti həmin vahid xətt üzrə cərəyan edir. Unutmayaq ki, prezidentliyə namizədlərin təsdiqini dini rəhbər Xomenei verir. Dini rəhbər istəməsəydi, Məsud Pezeşkianın namizədliyi təsdiqlənməzdi”.

T.Abbaslı vurğulayıb ki, qurulacaq yeni hökumət üzvləri arasında azərbaycanlılar olması nəyisə dəyişmək gücündə deyil:

“Tutaq ki, Pezeşkianın quracağı hökumət kabineti üzvlərinin əksəriyyəti azərbaycanlılardan ibarət oldu. Bu, nəyi dəyişəcək? İranın Azərbaycan, Türkiyə, ABŞ və İsrail, o cümlədən Ermənistan siyasətinə təsir edəcəkmi? Ona görə də hazırda İranda baş verən prosesləri dəyərləndirərkən Güney Azərbaycan yanaşması ilə baxmağımız doğru deyil”.

Tural Abbaslı: Prezidentin hansı millətdən olmasından asılı olmayaraq, İranın siyasəti vahid xətt üzrə cərəyan edir

Digər tərəfdən, müsahibimiz Pezeşkianın quracağı kabinetdə Azərbaycan türklərinin üstünlük təşkil edəcəyinə inanmır:

“Əksinə, Pezeşkian ona “millətçilik” damğası vurulmaması üçün ola bilsin, əksər kabinet üzvünü fərqli etnik millətlərdən təşkil etsin. Tərkibindən asılı olmayaraq, yeni formalaşacaq kabinet Xomeneinin ümumi siyasətinin icraçısı olacaq, vəssalam”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki