
Polşa, Litva və Estoniya Rusiya neftinə qarşı tətbiq edilən sanksiyalara dəstək verdi
Polşa, Litva və Estoniyanın Avropa üzrə nazirləri Rusiyadan dəniz yolu ilə nəql edilən neftin barelinə maksimum 60 dollar səviyyəsində qiymətin tətbiq edilməsi qərarını alqışlayıblar.
Busaat.az xəbər verir ki, üç ölkənin nazirlikləri tərəfindən verilən birgə bəyanatda, sözügedən qərarın uzun sürən danışıqlar nəticəsində alındığı qeyd edilib.
Qərarla birlikdə Rusiya neftinə tətbiq edilən sanksiyaların da təsirli olacağına diqqət çəkən açıqlamada bu ifadələrə yer verilib: “Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barreli üçün maksimum qiymətin 60 dollar olması qərarını alqışlayırıq. Maksimum qiymətə hər 2 aydan bir yenidən baxılacaq. Biz Rusiyanın neft satışından əldə etdiyi mənfəəti tamamilə dayandırmaq üçün daha çox çalışacağımızı vurğulayırıq”.
Açıqlamada tavan qiymət tətbiqinin Rusiyanın Ukraynaya təcavüzünə qarşı atılan addımlardan yalnız biri olduğu vurğulanıb və Moskvanın dondurulmuş aktivlərindən istifadə də daxil olmaqla, digər variantları dəyərləndirərək Kiyevə dəstəyin davam etdirilməsinin lazım olduğu qeyd edilib.
Qeyd edək ki, Aİ ölkələri dekabrın 2-də Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar/barel səviyyəsində maksimum qiymət tətbiq etmək barədə razılığa gəliblər.
Busaat.az























