
Portuqaliya qul ticarətindəki roluna görə üzr istəməlidir - Portuqaliya Prezidenti
Portuqaliya prezidenti Marselo Rebelo de Souza ölkədə diktaturanı devirən 1974-cü il Qərənfil İnqilabının 49-cu ildönümü münasibətilə Portuqaliya parlamentində keçirilən mərasimdə çıxış edib.
Busaat.az xəbər verir ki, mərasimdə ölkəyə səfər edən Braziliya prezidenti Luis İnasio Lula da Silva da iştirak edib.
Prezident Rebelo de Souza çıxışında keçmişdə Afrikadan Cənubi Amerikaya Portuqaliya gəmilərinin həyata keçirdiyi qul ticarətinə toxunaraq, ölkəsinin bu səbəbdən üzr istəməsi lazım olduğunu bildirib.
Bununla belə, üzr istəməyin ən asan iş olduğunu deyən prezident Souza daha yaxşı bir gələcək qurmaq üçün Portuqaliyanın da keçmişinə görə məsuliyyət daşımalı olduğunu bildirib.
Prezident Souzanın sözlərinə görə, Braziliyanın müstəmləkələşdirilməsinin Portuqal dili və mədəniyyətinin yayılması kimi müsbət cəhətləri olsa da, bunun yerli xalqların istismarı, köləlik və Braziliyanın maraqlarına zərər vurması kimi pis nəticələri də var.
Məlumdur ki, portuqaliyalı qul tacirləri 15-19-cu əsrlər arasında Atlantik okeanı üzərindən ən azı 6 milyon afrikalını Braziliya başda olmaqla dünyanın bir çox ölkəsinə daşıyaraq qul kimi satmışdılar.
Busaat.az























