Prezident mətbuat konfransında hansı tarixi məqamlarla bağlı önəmli MESAJLAR verdi? – TƏHLİL

image-154724896_10218389110975964_7471059759362064294_nbackend

Prezidentin – “Biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir” – bəyanatı, kifayət qədər dərin və ciddi məqamdır. Bu bəyanatda Prezident tamamilə haqlı olaraq Dağlıq Qarabağ termininin qondarma termin olduğunu qeyd edir. Terminin tarixinə də nəzər salarkən aydın şəkildə belə bir qənaətə gələ bilərik ki, Dağlıq Qarabağ sözü Azərbaycan ərazilərinin işğalı üçün yol xəritəsi rolunu oynamalı idi.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq qeyd edib ki, 1923-cü il iyulun 7-də SSR rəhbərliyinin qərarı ilə heç bir tarixi əsas olmadan Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı:

“1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb.

image-418834759

Belə olan təqdirdə Dağlıq Qarabağ terminin artıq qüvvədən düşdüyü, bu ərazilərin digər ərazilər kimi unitar Azərbaycan dövlətinin eyni statusa, hüquqa malik olan torpaqları olduğu şübhəsizdir. Digər tərəfdən biz Azərbaycan və Ermənistan arasında olan münaqişədən danışarkən münaqişənin əslində “təkcə Qarabağla kifayətlənmədiyini, Ermənistanın Azərbaycana torpaq iddiaları əsasında olduğunu qeyd etməliyik. Ermənistanın istər Qazax – Tovuza, istər Naxçıvan və Zəngəzura, istərsə də digər Azərbaycan torpaqlarına hələ də qalmaqda olan ərazi iddiaları bunun bir sübutudur. Deməli, politoloqlar və ekspertlər münaqişə haqqında çıxış edərkən münaqişəni Dağlıq Qarabağ münaqişəsi kimi qələmə verməməlidirlər”.

Zaur Məmmədov bildirib ki, dünən Prezident çıxışı zamanı tariximiz və gələcəyimiz üçün çox vacib digər bir məqama da toxunub:

“Dövlət başçısı işğaldan azad edilmiş rayonların bir qismi haqqında “Şərqi Zəngəzur” terminindən istifadə etdi. Xatırlatmaq yerinə düşər ki, hələ bir neçə il öncə də Prezident İlham Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısındakı nitqində də Zəngəzur məsələsini gündəmə gətirmiş və qeyd etmişdir ki, vaxtilə türk dünyasının qədim və ayrılmaz hissəsi olan Zəngəzur bölgəsinin Azərbaycandan qopardılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında coğrafi bağlantı pozulub.

Prezidentin “Şərqi Zəngəzurun işğaldan azad edilməsi” çıxışı bizi tarixə nəzər salmağa vadar edir. 1920 –ci ildə Cənubi Qafqazın yenidən Rusiyanın nəzarəti altına qayıtması regionda siyasi vəziyyəti dəyişdirdi. Sovet hökumətinin qurulmasından sonra Azərbaycan türklərindən ibarət tarixi ərazilər olan Dərələyəz, Göyçə, Zəngibasar mahalları Ermənistana, Borçalı mahalı isə Gürcüstana verildi.

Ermənistan Sovet rəhbərliyi tərəfindən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinə iddialar irəli sürüldü. Moskva dərhal bu iddiaları dəstəklədi və Azərbaycanın kommunist rəhbərlərinə təzyiqlər güclənirdi. Azərbaycan rəhbərliyi Moskvanın təzyiqləri qarşısında davam gətirməyərək 1920-ci il noyabrın 30-da və dekabrın 1-də Zəngəzurun Ermənistana verilməsi haqda bəyanatlarla çıxış etdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Moskvanın diqtəsi altında Zəngəzur iki hissəyə bölündü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

Beləliklə, Prezident İlham Əliyevin yuxarıda qeyd edilən çıxışı 3 məsələni aktual edir: 1.Ermənistanın 1990-cı illərdə Azərbaycan torpaqlarını işğalı haqqında danışarkən, Qarabağla yanaşı Şərqi Zəngəzurun qeyd olunmasının zəruriliyi. 2. Zəngəzurun Ermənistanda olan Qərb hissəsinin qanunsuz olaraq bu dövlətə verilməsini. 3. Bundan sonra artıq Dağlıq Qarabağ terminin istifadəsinin məqbul olmadığını, belə bir terminin tarixi baxımdan və indiki reallıqlar baxımından düzgün olmadığını”.

Publika.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90