“Vaqner” qrupunun təsisçisi və rəhbəri Yevgeni Priqojinin Moskvaya yürüşü ərəfəsində “qanuni oğru”ların toplantısı keçirilirmiş.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
Məlumatda iddia edilir ki, toplantı hazırda Rusiya bir nömrəli “qanuni oğru” hesab edilən Badri Koquaşvilinin (Badri Kutaisi) çağırışı əsasında baş tutub.
Toplanıya kriminal avtoritetlər Sergey Lalakin (Luçok), Alimcan Toxtaxunov (Tayvançik), “qanuni oğrular” Vaqif Süleymanov (Diplomat Vaqif), Otari Kvaratsxeliya (Kimo), Suren Tavadov (Surik Andicanski), Ülfət Tağıyev (Rufo Gəncinski) və Vladimir Tyurin (Tyurik) də qatılıb.
“Qanuni oğrular”ın yığıncağı Povarskaya küçəsində yerləşən italyan restoranı “Assunta Madre”də keçirilib.
Məlumat üçün deyək ki, 2013-cü ildə qanuni oğru Aslan Usoyan (Ded Xasan) bu küçədə yerləşən “Karetnıy dvor” retstoranından çıxan zaman sui-qəsdə məruz qalmışdı. Ded Xasan “Val” avtomatından açılan atəş nəticəsində ölümcül yaralanmış və xəstəxanada dünyasını dəyişmişdi.
Bildirilir ki, toplantıda əsasən Rusiya və MDB məkanındakı kriminal vəziyyət müzakirə mövzusu olub.
Sergey Lalakin Beynəlxalq Boks Federasiyasının prezidenti Umar Kremlevin onun fəaliyyətinə mane olmasından şikayətlənib. Avtoritet bildirib ki, Kremlev onun nəzarətində olan obyektlərə əl qoyub.
Lalakin Kremlevin arxasında Rusiya Federasiyası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksey Rubejnoyun dayandığını əsas gətirərək onun qarşısını ala bilmədiyini deyib. Bu məsələnin necə həll ediləcəyi ilə bağlı “qanuni oğrular”ın qərarı barədə heç bir bilgi yoxdur.
Bəzi iddialara görə, “sxodka” həm də Priqojinin həbsxanalara nüfuz edərək məhkumları “Vaqner”ə cəlb etməsinə həsr olunub.
Yeri gəlmişkən, Priqojinin yürüşündən sonra məhkumların Ukrayna ilə müharibəyə cəlb edilməsi qadağan olunub.