Putinin sülh təklifi: Qlobal güclərin də qarışdığı savaş necə bitəcək?

image-putkabackend

“Sülh danışıqları münaqişə tərəfləri arasında olmalıdır. Bir cəbhənin öz tərəfdaşları ilə nəyisə müzakirə etməsindən sülh çıxa bilməz”.

Bunu Busaat.az-a deputat Rasim Musabəyovun Rusiya prezidenti Vladimir Putinin Ukraynaya sülh təklifinə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, Qərb və Ukrayna sülh üçün əvvəl-axır Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq:

“Ukrayna prezidenti Vladimir Zelenski isə bəyan edib ki, Vladinir Putin nə qədər hakimiyyət başındadır, Moskva ilə danışıqlara getməyəcək. Bununla müharibəni dayandırmaq mümkün deyil”.

Bununla belə, müsahibimizə görə, pərdə arxasında sülh danışıqları ilə bağlı hansısa müzakirələr gedir. Musabəyov bildirib ki, ABŞ, ÇİN, Türkiyə, NATO, BMT çərçivəsində müəyyən danışıqların getdiyi ehtimal edilir:

“Bu səylərin nəticəsində real danışıq platforması əmələ gələ bilər. Təbii ki, söhbət birbaşa sülhün əldə olunmasından getmir, ancaq müharibəni dayandırmaq üçün qərarların alınması mümkündür. Sonrakı dönəmdə düyün addım-addım açıla bilər. Ancaq bir-iki konfransla qarşıdurmanı, problemləri birdəfəlik, qısa müddətdə həll etmək inandırıcı görünmür. Masştabına görə kiçik olan Azərbaycan-Ermənistan arasında münaqişənin “həlli” 25-30 il ərzində mümkün olmadı. Qlobal güclərin də qarışdığı Rusiya-Ukrayna savaşını necə bitirəcəklər?! Amma müharibəni dayandırmaq lazımdır, çünki savaşın genişlənməsi böyük risklər vəd edir”.

Həmsöhbətimiz vurğulayıb ki, hər iki ölkənin sülhlə bağlı irəli sürdüyü təkliflər qarşı tərəfin kapitulyasiyası kimi bir şeydir:

“Amma cəbhədə olan vəziyyət elədir ki, heç bir tərəfin digərini kapitulyasiya məcbur etməsi mümkün deyil. Belə olan vəziyyətdə tərəflərin üz-üzə oturub danışmaq imkanları yoxdur. İstənilən halda danışıqlar, müzakirələr vasitəçilərin iştirakı ilə olmalıdır. Hansısa variantların axtarılıb tapılması lazımdır. Çünki vəziyyət çox çətin və gərgindir”.

Rasim Musabəyov: Sülhlə bağlı təkliflər qarşı tərəfin kapitulyasiyası kimi bir şeydir

“Bir-iki görüşlə həlli mümkün olmasa da, danışıqların alternativi yoxdur. Müharibə getdikcə daha sərt forma almaqdadır. Artıq strateji obyektlərin də hədəf alınması baş verir. Bunlar böyük fəlakət deməkdir və qarşısı alınmalıdır”, – deyə Rasim Musabəyov əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının qondarma “DXR, “LXR”, Xerson və Zaporojye vilayətlərinin ərazisindən tamamilə çıxacağı və NATO-ya üzv olmayacağı haqda öhdəlik götürəcəyi halda danışıqlara başlamağa hazır olduğunu bildirib. Putin hesab edir ki, Rusiyanın irəli sürdüyü sülh təşəbbüsü Ukraynadakı münaqişəni dayandırmağa və onun həllini diplomatik kanala daşımağa qadirdir. O, Ukrayna böhranının sülh yolu ilə həlli təklifinə lazımi diqqət yetiriləcəyinə əmindir:

“Ümid edirəm ki, irəli sürdüyümüz təşəbbüsün mahiyyətinə belə varmaq istəməyən bir çox Qərb siyasətçisindən fərqli olaraq, forum iştirakçıları ona düşünülmüş və rasional yanaşacaq, bunun həqiqətən də münaqişənin dayandırılması, eləcə də onun siyasi-diplomatik həllinə keçmək imkanlarını nəzərdə tutduğunu görəcəklər”.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, Putinin təklifi Ukraynada silahlı qarşıdurmanı dərhal bitirmək imkanı yaradır:

“Məhz Rusiyanın Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı konkret təklifi silahlı qarşıdurmaya son qoymaq və onu siyasi-diplomatik kanala keçirmək imkanını açır”. Uşakov vurğulayıb ki, qəbul etməyə hazır olarlarsa, Rusiya hərbi əməliyyatların sözün əsl mənasında dərhal dayandırılmasına imkan verəcək variantı masaya qoyub.

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib ki, indi Ukraynanın Putinin təklifini qəbul etmək imkanı var, əks halda Rusiyanın hərbi hücumu davam edəcək:

“Ukrayna hakimiyyəti hələ də Rusiya Prezidenti Vladimir Putinin sülh yolu ilə nizamlanma təkliflərini qəbul edə bilər, əks halda rus qoşunlarının hücumu davam edəcək və Kiyevə qarşı vəziyyət dəyişəcək. Düşünürəm ki, prezident bu barədə hər şeyi söylədi: Rusiyanın Ukraynanın hazırkı hakimiyyətinə edəcəyi hər növbəti təklif əvvəlkindən daha pis olacaq. Ona görə də indi onların Vladimir Vladimiroviç Putin tərəfindən formalaşdırılan bu təklifi qəbul etmək imkanı var”.

Medvedyev Ukrayna hakimiyyətini “bacardıqca tələsməyə” çağırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki