
Putinin Türkiyəyə səfəri ilə bağlı dəqiq qərar yoxdur - Peskov
Vladimir Putinin “Akkuyu” AES-də Türkiyəyə səfəri və ya videokonfrans fotmatında tədbirdə iştirakı ilə bağlı dəqiq qərar verilməyib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin aprelin 27-də ölkəyə mümkün səfəri ilə bağlı açıqlama vermişdi.
“Hələlik dəqiq qərarlar qəbul edilməyib. Bircə onu demək olar ki, bu və ya digər şəkildə Rusiya tərəfi təmsil olunacaq və mərasimdə iştirak edəcək”, – Peskov deyib.
Onun sözlərinə görə, bu, Rusiya ilə Türkiyə arasında münasibətlər və ümumilikdə Türkiyədə enerjinin inkişafı üçün çox mühüm layihədir.
Nüvə yanacağının Türkiyədə “Akkuyu” AES-in tikinti sahəsinə çatdırılması və ərazidəki təzə nüvə yanacağı anbarına yerləşdirilməsi planlaşdırılır, yanacağın çatdırıldığı andan “Akkuyu” AES nüvə obyektinə çevriləcək.
Qeyd edək ki, Rusiyanın iştirakı ilə tikilən “Akkuyu” AES Türkiyənin ilk atom elektrik stansiyasıdır.
Busaat.az























