“Qaçqınkom” ləğv ediləcək, yoxsa… – açıqlama

“Qaçqınkom” ləğv ediləcək, yoxsa… – açıqlamabackend

 

Azərbaycan Ordusunun bir aydan artıq müddətdə apardığı Vətən müharibəsi və əldə olunan misilsiz zəfərləri böyük qələbənin çox da uzaqda olmadığından xəbər verir.

30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın  qaytarılması həm də ölkədə böyük bir qayıdış prosesinin başlanması ilə nəticələnəcək. Azad edilən torpaqlarımızın təmizlənməsindən və orada təhlükəsizliyin bərpa edilməsindən sonra 1 milyondan artıq məcburi köçkünün ata yurduna qayıtması prosesi gözlənilir. Həmçinin həmin təbəqənin məcburi köçkün statusunun ləğvi də gözlənilir. Artıq azad edilən ərazilərdə yenidənqurma və infrastrukturun bərpası işlərinə başlanılıb, yolların, elektrin enerjisinin bərpası istiqamətində iş aparılır.

Bəs görəsən, bütün bu məsələlərin həlli ilə yanaşı, artıq əvvəlki funksiyaları gündəmdən düşən Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsi də ləğv olunacaqmı? Yoxsa böyük qayıdış dövründə də bu qurumun fəaliyyətinə ehtiyac olacaq? Ümumilikdə, bu prosesdə hansı qurumlar iştirak edəcək və məcburi köçkünlərlə bağlı hansı qərarlar ola bilər?

Fazil Mustafa: “Rus dili tədrisini özəl sektora buraxmaq lazımdır”

Fazil Mustafa: “Məcburi köçkün olan vətəndaşlarımız öz torpaqlarına köçürülən andan o status itirilir”

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, torpağı işğaldan azad olunan vətəndaşların köçürülməs ilə bağlı ayrıca qanun qəbul olunmalıdır: “Bu proses qaçqınlara aid deyil, çünki qaçqın deyəndə Ermənistandan gəlmiş vətəndaşlarımız nəzərdə tutulur. Ona görə də onların torpaqları hələ azad edilməyib. Biz gərək Ermənistanda onlar üçün ya muxtariyyət, ya da torpaq məsələsini həll edək ki, onların da məsələsi çözülsün. Ancaq məcburi köçkünlər Qarabağ və onun ətrafında olan rayonlardan köçməyə məcbur edilən vətəndaşlarımızdır. Onların azad olunan torpaqlara qaytarılması istiqamətində ciddi addımlar atılmalıdır. Bununla bağlı ayrıca qanun da qəbul olunmalıdır. Çünki bu böyük bir prosesdir. Bu qanunda həm onların hüquqları, həm də burada olan müəyyən problemlərin həlli ilə bağlı məsələlər öz həllini tapmalıdır. Çünki məcburi köçkünlərin illərdir yerləşdiyi yaşayış evləri, obyektlər var. Müxtəlif vətəndaşlar illərdir gözləyirlər ki, evləri boşaldılsın. Bütün bunlar da qanunvericiliklə tənzimlənməlidir. Bunun hansı formada olacağı ilə bağlı indidən ictimai müzakirələr aparılmalıdır və həmin icmaların təmsilçilərinin iştirakı ilə optimal variant tapılmalıdır. Çünki onların əksəriyyətinə dövlət ev verib və yeni azad olunan torpaqlarda da dövlət ev tikib onları köçürəcəksə, o zaman dövlətin burada çəkdiyi məsrətflər və başqa məsələlər fərqli istiqamətə yönəldilməlidir. Burada məcburi köçkünlərin şəxsi mülkiyyətindən söhbət getmir, o toxunulmazdır, dövlət təmin etdiyi əmlak üzərində optimal bir qərar qəbul olunmalıdır. Bu məsələ ictimai müzakirədən keçməlidir, konsensusla ümumi maraqların təmin olunması ilə qərar qəbul olunmalıdır. Oraya təkcə məcburi köçkünlər getməyəcək, həmçinin könüllülərin  köçməsi də nəzərdə tutulur. Başqa yerlərdən də insanlar da həmin torpaqlara köçüb yaşaya bilərlər. Onlar üçün də ayrıca şəraitin yaradılması düşünülməlidir. Bu məsələlər ictimai müzakirə olunmalıdır ki, kimsə incidilməsin və daha rahat şəraitdə məskunlaşmanı həyata keçirək”.

F.Mustafa vurğuladı ki, bu prosesin həyata keçirilməsi təkcə Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsinin deyil, digər bir çox qurumların, o cümlədən azad olunmuş rayonların yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür: “Müvafiq icra hakimiyyəti orqanlarının görəcəyi işlər də böyükdür. Onlar köçüb həmin ərazilərdə fəaliyyət göstərəcəklər. Hansı rayon işğaldan azad edilibsə, həmin rayonun icra başçısı öz aparatı ilə birgə o əraziyə köçməlidir. Onların da birgə iştirakı ilə plan hazırlanmalıdır, konkret hansı vaxta və müddətə bu ərazilər bərpa olunacaqsa, işlər bitən kimi dərhal həmin insanların oraya köçürülməsi təmin olunmalıdır. Burada iş adamlarının və çevrəsinin də rolu vacibdir, onlar hansı sürətlə bu prosesi həyata keçirəcəklər, övlət bu prosesi hansı sürətlə həyata keçirəcək- bütün bunların həllini tapması vacibdir”.

Deputat onu da vurğuladı ki, məcburi köçkünlərin bu statusunun ləğvi ilə bağlı danışmaq hələ tezdir: “Bu vətəndaşlarımız öz torpaqlarına köçürülən andan o status itirilir. Ancaq hələ ki köçürmə prosesi baş tutmayıbsa, onların bu statusunun ləğvi mümkün deyil. Lakin konkret olaraq kimsə köçməkdən imtina edəcəksə, hansısa neqativ situasiya ortaya çıxacaqsa, o zaman bu status avtomatik olaraq onlardan alınmalıdır”.

İbrahim Mirzəyevə "Qaçqınkom"da vəzifə VERİLDİ

                                                          İbrahim Mirzəyev

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki,  bu proses böyük bir dövlət proqramı çərçivəsində həyata keçirilə bilər:  “Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” nın vəzifə və funksiyalarında Dövlət Komitəsinin məcburi köçkünlərin qayıdışı ilə məşğul olması haqqında bənd qeyd edilib. Vəzifələrin 2.6-cı bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlan ilə məqsədyönlü iş aparmaq tapşırılır, funksiyalarının 3.20-ci bəndinə əsasən isə qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası, kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin, istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyri-hökumət təşkilatlan və maliyyə qurumları ilə qarşılıqlı əlaqədə həyata keçirir”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90