
Qazaxıstan ordusu gücləndirilir
Qazaxıstan prezidenti Qasım Comərt Tokayev paytaxt Astanada keçirilən qərargah iclasında seçki proqramını açıqlayıb.
Busaat.az xəbər verir ki, ölkə siyasətində əsl rəqabət yaratmağı hədəflədiklərini bildirən Tokayev qeyd edib:
“Səsvermə mədəniyyətini inkişaf etdirəcəyik. Yeni siyasi sistemdə vətəndaş cəmiyyətinin bütün institutları mühüm rol oynayacaq”.
Ölkədə sosial sahədə, iqtisadiyyatda və siyasətdə bir çox sistemli problemlərin mövcudluğuna diqqət çəkən Tokayev bu vəziyyətin vətəndaşların dövlətə və hökumətə qarşı inamsızlığını artırdığına diqqət çəkib: “Bundan sonra milli ideologiyamız ədalət ideyası əsasında formalaşacaq”.
Dünyadakı hazırkı geosiyasi vəziyyəti “görünməmiş” kimi xarakterizə edən Tokayev bu xarici çağırışlar qarşısında ölkənin ərazi bütövlüyünün təmin edilməsinin vacibliyinə diqqət çəkib.
Bu məqsədlə orduda və enerji məsələlərində hərtərəfli modernləşdirmə aparacaqlarını qeyd edən Tokayev, “Əsgərlərimiz müasir silah və texnika ilə təmin olunacaq. Biz ordumuzun imicini gücləndirəcəyik”– deyə, qeyd edib.
Müdafiə sənayesi kompleksini inkişaf etdirəcəklərini bildirən Tokayev, bu istiqamətdə atılacaq addımlar barəsində qısa məlumat verib: “Ərazi müdafiəsinin gücləndirilməsi, hərbi hazırlığın keyfiyyətinin yüksəldilməsi və qoşunların birləşməsi üçün tədbirlər görüləcək”.
“Biz Transxəzər Dəhlizini ölkənin yükdaşımalarında əsas tranzit halına çevirəcəyik” Prezident Tokayev Qazaxıstanın liman və dəniz donanmasını gücləndirməyi planlaşdırdıqlarını da bildirib.
Ölkənin tranzit potensialından tam şəkildə yararlanmağı hədəflədiklərini ifadə edən Tokayev, “Biz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizini ölkənin tranzit və ixrac imkanlarının tam reallaşmasına töhfə verəcək əsas halqaya çevirəcəyik” – deyə, bildirib.
Tokayev əlavə edib ki, yaxın 7 ildə ölkəyə 150 milyard dollar birbaşa xarici investisiya cəlb etməyi və milli fond aktivlərini 100 milyard dollara çatdırmağı hədəfləyirlər.
Busaat.az























