Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinə Qazaxıstan-Qırğızıstan sərhədindəki keçid məntəqələrində yaranmış vəziyyəti həll etməyi tapşırıb.
Busaat.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Qazaxıstan-Qırğızıstan sərhədində yaranmış vəziyyəti ölkələrimiz arasında tərəfdaşlıq və qardaşlıq münasibətləri yolunda həll etməyi hökumətə tapşırıb”, – məlumatda deyilir.
Bildirilib ki, sərhəddən qeyri-qanuni yüklərin daşınmasının qarşısının alınması üçün rəqəmsallaşma və avtomatlaşdırmanın daha fəal tətbiqi məsələsi üzrə Qırğızıstan tərəfi ilə danışıqların davam etdirilməsinin zəruriliyi də qeyd olunub.
Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi avqustun 24-də Qazaxıstanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində malların hərəkət azadlığını məhdudlaşdırdığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, sərhəddə Qazaxıstan tərəfindən nəzarət-yoxlama tədbirləri gücləndirilib və bu, yük maşınlarının sərhəddən keçməsini ləngidib.
Qeyd edək ki, avqustun 23-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti Qırğızıstanla sərhəddəki keçid məntəqələrində heç bir məhdudiyyət tətbiq etmədiyini bildirib.