Amerika Birləşmiş Ştatlarının Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) paytaxt Vaşinqton yaxınlığında yerləşən Ronald Reyqan Hava Limanında hərbi helikopterlə toqquşduqdan sonra çaya düşən sərnişin təyyarəsinin əsas uçuş məlumatlarını ehtiva edən qara qutunun tapıldığını açıqlayıb.
NTSB “USA Today” qəzetinə verdiyi açıqlamada Potomak çayında axtarış işləri aparan qrupların qəzanın son anlarını və şərtlərini müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edən kabindəki səs yazısı və uçuş məlumatlarını qeyd edən cihazları aşkar etdiyini bildirib.
NTSB sözçüsü Piter Knudson qara qutunun təhlil üçün laboratoriyaya göndərildiyini, təyyarədə başqa bir qeyd cihazının olmadığını və komandaların helikopterdəki qeyd cihazını tapmaq üçün işlərini davam etdirdiyini qeyd edib. Qara qutunun içərisindəki uçuş məlumatlarının qəzanın son anlarına və səbəblərinə aydınlıq gətirəcəyi gözlənilir.
Vaşinqton yaxınlığındakı Ronald Reyqan Hava Limanı ətrafında 60 sərnişin və 4 ekipaj üzvünü daşıyan sərnişin təyyarəsi ilə 3 hərbi heyət üzvünün olduğu hərbi helikopter havada toqquşaraq Potomak çayına düşdü. Rəsmilər hadisədə sağ qalanın olmadığını açıqlamışdı. ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında Ronald Reyqan Hava Limanı qülləsinin helikopteri son anda xəbərdar etdiyini və qəzanın qarşısının alınmamasının səbəblərindən birinin də bunun olduğunu bildirmişdi.
Hava hərəkətinə nəzarətçinin gec xəbərdarlıq etdiyini iddia edən Tramp “Bəzi xəbərdarlıqlar edilib, amma bunlar çox-çox gec edilib. Demək olar ki, qəza baş verməzdən bir neçə saniyə əvvəl edilmişdi. Buraya ən ağıllı və psixoloji baxımdan ən stabil insanların işə götürülməsi lazımdır” deyə danışmışdı.