
Quterreş müavinini təcili Sudana göndərib
BMT baş katibi Antonio Quterreş, müavini Martin Qriffitsi Sudana göndərib.
Busaat.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik bildirib.
“Sudanda sürətlə pisləşən humanitar böhran fonunda Quterreş BMT-nin Humanitar Məsələlər üzrə rəhbəri Martin Qriffitsi dərhal bölgəyə göndərir”, – bəyanatda deyilir.
Dujarrik deyib: “Sudanda baş verənlərin miqyası və sürəti görünməmiş bir şeydir. Biz Sudandakı bütün insanlara və daha geniş bölgəyə dərhal və uzunmüddətli təsirdən son dərəcə narahatıq.”
Qeyd edək ki, Sudanda vəziyyət ordu komandanı, Əbdülfəttah əl-Burhan ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) rəhbəri Məhəmməd Hamdan Daqalo arasında fikir ayrılıqları fonunda gərginləşib.
Aprelin 15-də paytaxt Xartumda rəqib hərbi qruplaşmalar arasında silahlı toqquşmalar baş verib.
Münaqişə başlayandan bəri ölkədə 600-dən çox insan həlak olub.
Busaat.az























