
Reuters-dən İDDİA: Türkiyə rus təhlükəsinə qarşı Suriyaya ordu göndərib
Türkiyə Suriyada qruplaşmalar arasında qarşıdurmaları dayandırmaq üçün bölgəyə qoşun yeridib.
Busaat.az xəbər verir ki, bu barədə İngiltərənin Reuters xəbər agentliyi məlumat yayıb.
Reuters-in müxalif mənbələrə və şahidlərə əsaslanan xəbərinə görə, Türkiyə tankları və zirehli texnikası 17 oktyabr tarixində Həyat Təhrir əl-Şamın (HTŞ) Ankaranın dəstəklədiyi müxalif qruplardan aldığı Kafr Jana yaxınlığındakı məntəqələrə yerləşdirilib.
Mənbə bildirib ki, ötən həftə bölgədə baş verən qarşıdurmalardan sonra şənbə günü döyüşlərin dayandırılması ilə bağlı razılıq əldə olunsa da, bu razılaşma bir gün davam edib. Türkiyə ordusu və təhlükəsizlik birlikləri atəşkəs razılaşmasının şərtlərinin həyata keçirilməsi üçün tərəfləri yenidən masa arxasına toplamağa çalışır.
“Türkiyə münaqişəyə son qoymaq, Təhrir əl-Şamın irəliləyişini dayandırmaq və tərəfləri sülh razılaşmasının şərtlərini yerinə yetirmək üçün masaya qaytarmaq məqsədilə bölgəyə müdaxilə edib” – deyə, hər iki tərəf ilə əlaqələri olan keçmiş müxalifət rəsmisi Vaiel Olvan Reuters-ə bildirib.
Qeyd edək ki, Suriyanın şimal-qərbində müxaliflərin nəzarətində olan ərazilərdə cihadçılarla millətçi qruplar arasında ideoloji fərqlər səbəbindən gərginlik artır.
Türkiyə HTŞ-nin üsyançıların əlində olan ərazilərə nəzarəti ələ almasından və Moskvanın Əsəd rejimindən qaçan 3 milyon suriyalının yaşadığı bölgələrə hücum üçün zəmin hazırlamasından narahatdır.























