
Rusiya 47 il sonra Aya kosmik raket göndərdi
Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) paytaxt Moskvadan 5500 kilometr şərqdə yerləşən Vostoçnıy kosmodromundan “Luna-25” kosmik gəmisini daşıyan Soyuz 2.1v raketini kosmosa göndərib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, “Luna-25” uğurlu buraxılışdan sonra uçuş orbitinə daxil olarkən, kosmik gəminin avqustun 21-də Ayın cənub qütbünə enməsi planlaşdırılır.
Təxminən 1 il Ayda araşdırma aparacaq “Luna-25”, kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdırmaq, həmçinin su mənbələrini axtarmaq missiyalarına malikdir.
Roskosmos prezidenti Yuriy Borisov bildirib ki, “Luna-25” Aya dinc məqsədlə yola salınıb. Onlar 2027, 2028 və 2030-cu illərdə Aya kosmik gəmi göndərməyi planlaşdırırlar.























