
Rusiya-Çin hərbi əməkdaşlığı inkişaf edir - RƏSMİ
Rusiya prezidenti Vladimir Putin və Çinin müdafiə naziri Li Şanfu iki ölkə arasında hərbi sahədə əməkdaşlığı müzakirə ediblər.
Busaat.az xəbər verir ki, Kremldən verilən yazılı açıqlamada Rusiya prezidenti Vladimir Putinin Çinin müdafiə naziri Li Şanfunu paytaxt Moskvada qəbul etdiyi bildirilib.
Bəyanatda qeyd edilib ki, Putin Rusiya ilə Çin arasında hərbi sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
“Biz hərbi hissələrimiz vasitəsilə səmərəli işləyirik, müntəzəm olaraq faydalı məlumatlar mübadiləsi aparırıq, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik və birgə təlimlər keçiririk”, – deyə Putin bildirib.
Sözügedən təlimlərin Uzaq Şərq və Avropada quru, dəniz və hava qüvvələrinin iştirakı ilə keçirildiyinə diqqət çəkən Putin əlavə edib: “Şübhəsiz ki, bu, yüksək səviyyəyə əsaslanan əlaqələrimizin strateji xarakterini gücləndirən digər mühüm sahədir”.
Görüş zamanı Li iki ölkə arasında hərbi sahədə əməkdaşlığın artmaqda davam etdiyini bildirib.
Li deyib: “Rusiya ilə Çin arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq son zamanlar çox yaxşı inkişaf edir. Bu vəziyyət qlobal və regional təhlükəsizliyə böyük töhfə verir”.
Busaat.az























