
Rusiya neftinə qoyulan qadağa dünya bazarında balanssızlığa, tədarük çatışmazlığına səbəb ola bilər - Aleksandr Novak
Aİ-nin Rusiya neft məhsullarının tədarükünə tətbiq etdiyi embarqo dünya bazarında disbalans və tədarük çatışmazlığına səbəb ola bilər.
Busaat.az xəbər verir ki, bu fikirləri Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
Novakın sözlərinə görə, Rusiyadan neft məhsulları olmasa, Avropa tədarük çatışmazlığı və qiymət artımı ilə üzləşəcək.
“Bu qərarlar bir daha onu göstərir ki, gələcək haqqında düşünmək lazımdır. Gələcəkdə embarqo və qiymət məhdudiyyətlərinin tətbiqi kimi qərarlar rəhbər götürülərsə, böyük disbalans enerji resurslarında çatışmazlıq yarada bilər”, – rus diplomat bildirib.
Qeyd edək ki, Avropa Komissiyası Rusiyadan gələn neft məhsulları üçün qiymət həddi tətbiq etmək qərarının izahatını dərc edib və burada qiymət həddinin tətbiq olunmadığı halları qeyd edilib.
“Bu qərarla onlar bir daha vurğuladılar ki, avropalı istehlakçılar Rusiya neft məhsulları olmadan nəsə edə bilməyəcəklər, çünki biz onların bazarında böyük paya malikik, neft məhsullarımız olmasa, böyük qıtlıq və qiymət artımları müşahidə olunacaq. Avropalı siyasətçilər bununla bir daha əvvəlki qərarlarının uyğunsuzluğunu, məntiqsizliyini nümayiş etdirdilər”, – Novak əlavə edib.
Busaat.az























