
Rusiya və Çin qarşılıqlı səfərləri bərpa etməyə hazırlaşır
Rusiya və Çin strateji əməkdaşlığı dərinləşdirməyə hazırdırlar və qarşılıqlı səfərləri mümkün qədər tez bərpa etməyə çalışırlar.
Busaat.az xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Zhang Hanhui TASS-a müsahibəsində bildirib.
“Yeni tarixi şəraitdə biz rus dostlarımızla birgə çoxşaxəli strateji əməkdaşlığı davamlı olaraq dərinləşdirməyə, vətəndaşların qarşılıqlı səyahətini mümkün qədər tez bərpa etməyə, mədəni və humanitar mübadilələri intensivləşdirməyə, beynəlxalq istehsal zəncirlərinin sabit və fasiləsiz işini təmin etməyə hazırıq. Burada məqsədimiz ölkələrimizin birgə inkişafına yönəlmiş çoxölçülü, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək etmək və pandemiyaya qarşı ümumi mübarizəmizə və qlobal iqtisadiyyatın bərpasına konstruktiv töhfə verməkdir” – deyə, diplomat bildirib.
Onun sözlərinə görə, Çinin yeni anti-pandemiya səyləri taktikası ölkənin iqtisadi inkişafına daha güclü təkan verəcək və bu da öz növbəsində Rusiya-Çin əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanlar açacaq.
Səfir Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının sədri Si Tsipinə ünvanladığı Yeni il təbrik məktubunu da xatırladıb və 2023-cü ilin Rusiya-Çin münasibətlərinin inkişafı üçün yeni imkanlar açacağını bildirib.
Busaat.az























