Rusiya və Çinə qarşı əməkdaşlıq vurğusu: “Ümumi baxışımız var”

image-164043backend

ABŞ-nin dövlət katibi Antoni Blinken və Çexiyanın xarici işlər naziri Yan Lipavskinin sədrliyi ilə keçirilən ABŞ-Çexiya Strateji Dialoq Görüşündə ikitərəfli münasibətlər, o cümlədən Rusiya və Çinə qarşı əməkdaşlıq müzakirə edilib.

Busaat.az xəbər verir ki, ABŞ Dövlət Departamenti ABŞ-Çexiya Strateji Dialoq Görüşü ilə bağlı verdiyi açıqlamada deyib:

“Katib Blinken dəyərli NATO müttəfiqi və regional təhlükəsizlik, hərbi modernləşdirmə və mülki sahədə əsas tərəfdaş kimi Çexiya ilə sıx əməkdaşlığı davam etdirməyə qətiyyətlə sadiqdir. O, qətiyyətini ifadə edib”.

Bəyanatda tərəflərin Rusiya ilə müharibədə Ukraynanı dəstəkləmək üçün birgə öhdəliklərini təkrarladığı və iki nazirin Çinlə bağlı ortaq narahatlıqlarını ifadə etdiyi vurğulanıb.

Nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra iki ölkənin xarici işlər nazirlikləri birgə yazılı bəyanatla çıxış ediblər.

“Demokratik müttəfiqlər və tərəfdaşlarla birlikdə avtoritar rejimlərin beynəlxalq qaydaları yenidən müəyyənləşdirmək cəhdlərinə qarşı birləşməliyik. Rusiya Ukraynadakı hərəkətlərinə görə cavab verməlidir. Biz həmçinin Rusiyanın bütün dünyada pis niyyətli fəaliyyətini məhdudlaşdırmaq üçün birlikdə çalışacağıq”, – bəyanatda deyilir.

İki ölkənin Rusiyanı Ukrayna, Moldova və Gürcüstan ərazilərindən qoşunlarını tamamilə çıxarmağa və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə çağırdığı ifadə edilən bəyanatda qeyd edilib: “NATO-nun birliyi və həmrəyliyi həyati əhəmiyyət kəsb edir. Xüsusilə Alyansın şərq cinahında bu vacibdir. Biz Finlandiyanın NATO-ya qəbulunu alqışlayırıq və İsveçin üzvlüyünü tam dəstəkləyirik”.

Birgə bəyanatda bildirilib ki, nümayəndə heyətləri Rusiyaya qarşı maliyyə sanksiyalarının əlaqələndirilməsi, həmçinin Belarusun Rusiyaya verdiyi dəstəyə görə məsuliyyət daşıması üçün əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Enerji təhlükəsizliyi ilə bağlı bəyanatda deyilir: “Çexiya və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlığı təşviq etməklə yanaşı, enerji mənbələrinin şaxələndirilməsi, Rusiyanın neft satışından əldə etdiyi gəlirlərin məhdudlaşdırılması və bərpa olunan enerjiyə investisiya və inkişafı sürətləndirmək imkanlarını müzakirə ediblər”.

İki ölkənin Çinə qarşı ortaq vizyona malik olduğu bildirilən bəyanatda Tayvan boğazında sülh və sabitliyin qorunması və Tayvan da daxil olmaqla, bölgədəki tərəfdaşlarla dəstəyi və əməkdaşlığı dərinləşdirməyə dair öhdəlik verilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki