
Rusiya və Ukrayna arasında yenidən əsir mübadiləsi baş tutub
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi ilə biri mülki olmaqla ümumilikdə 202 nəfərin azad edildiyi bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən açıqlamada, çətin danışıqlar nəticəsində əsir düşən Rusiya Silahlı Qüvvələrinin 101 əsgərinin Kiyev administrasiyasının nəzarətində olan ərazidən geri döndüyü bildirilib.
Açıqlamada azad edilən əsgərlərin müalicə və reabilitasiya üçün Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Moskvaya aparılacağı, əsgərlərə lazımi psixoloji və tibbi yardım göstərildiyi bildirilib.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak “Telegram” hesabından verdiyi yazılı açıqlamada, “Ukraynalıları əsirlikdən geri qaytarmağa davam edirik”, – deyə qeyd edib.
Əsir mübadiləsi nəticəsində 100 Ukrayna əsgəri və 1 mülki vətəndaşın azad edildiyini bildirən Yermak, əsgərlər arasında yaralıların olduğunu bildirib.























