
“Rusiyanın Ukraynaya müdaxiləsi uğursuzluğa düçar olub” – CİA rəhbəri gizlinləri açdı
“Kiyevin əks-hücumları davam etdiyi zamanda görürük ki, Rusiya Prezidenti Vladimir Putin öz fərziyyələrində ciddi səhvə yol verib”.
Busaat.az The Guardian agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Mərkəzi Kəşfiyat İdarəsinin (CİA) rəhbəri Uilyam Börns (William Burns) mətbuata açıqlamasında bildirib.
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri bildirib ki, Vladimir Putinin Ukraynaya müdaxiləsi artıq uğursuzluq kimi qiymətləndirilə bilər. Börnsə görə, Ukrayna qoşunlarının ölkənin şimal-şərqində Rusiya işğalçı qüvvələrinə qarşı əks hücumlar zamanı əldə etdiyi nəticələr rəsmi Kremlin uğursuzluğunun sübutudur: “Putin fevralda işğala başladığı zaman Ukraynanın qətiyyətini lazımi səviyyədə qiymətləndirməyib və indi Kiyevə beynəlxalq dəstək verilərkən eyni səhvi davam etdirir. Hazırda Putinin iddiası ondan ibarətdir ki, o, ukraynalılardan, avropalılardan, amerikalılardan daha güclü olacaq… Mən inanıram və CİA-dakı həmkarlarım hesab edirlər ki, Putin əvvəlki fərziyyələrində dərindən yanıldığı kimi, bu düşüncəsində də səhv edir. Ukraynanın mübarizəyə hazır olmaq barədə qətiyyətini görmək istəyirsinizsə, fevral ayına qayıdın”.
Börns nüfuzlu New York Times qəzetinə verdiyi şərhdə Rusiyanın beynəlxalq nüfuzuna və itkilərinə də toxunub: “Rusiya ordusunun zəifliyi nəinki ifşa olundu, həm də Rusiya iqtisadiyyatına və rusların sonraki nəsillərinə uzunmüddətli zərərlər dəydi”. CİA rəhbəri burada sadəcə iqtisadi faktorları önə çıxarmaqla qalmayıb, Rusiyanın on minlərlə hesablanan canlı qüvvə itkilərinə diqqət çəkərək, onsuz da demoqrafik problem yaşayan Rusiya əhalisinin təbii artımına dəyəcək mənfi təsirləri ön plana çıxarıb.
Qeyd edək ki, son günlər Ukrayna ordusu Rusiya işğalçı qüvvələrinə qarşı uğurlu əks-hücumlar həyata keçirir. Bu hücumlar zamanı Rusiyanın çox sayda canlı və hərbi-texniki qüvvəsi məhv edilməklə bərabər, bir sıra ərazilər də işğaldan azad edilib. Xüsusilə Kupansk şəhərinin azad edilməsi, İzyum şəhəri və Xarkov bölgəsindəki uğurlu əməlliyyatlar Rusiya ordusunu çətin vəziyyətə salıb.
ABŞ mərkəzli Müharibənin Öyrənilməsi İnstitutu isə, maraqlı açıqlama ilə yadda qalıb. İnstitutun bildirdiyinə görə, Ukrayna ordusu yaxın günlərdə Xarkov və Xersonda nəzarəti tam əlinə alacaq ki, bu da Rusiya ordusunun hərbi əməliyyatları davam etdirməsi üçün ciddi problemlər yaradacaq. Çünki şəhərin alınması işğal olunmuş ərazilər arasında bəzi kommunikasiya əlaqələrini kəsəcək və Rusiya tərəfinin kommunikasiya imkanları əhəmiyyətli dərəcədə azalacaq.
Ukrayna tərəfinin Balakliya istiqamətində əldə etdiyi uğğurlar isə, Rusiyada ciddi narazlıq yaradıb. Belə ki, bəzi şərhçilər Rusiya ordusunu Balakliyanın itirilməsi ilə bağlı mövcud təhlükələr barəsində öncədən xəbər vermədiyi üçün tənqid edib.
Görünən odur ki, Rusiya tərəfi Ukraynanın belə qısa zamanda bu kimi uğurları əldə edəcəyinə ehtimal verməyib və indi bu uğurlar rəsmi Kremli çaş-baş salıb. Ordu koordinasiyalı şəkildə işləyə bilmir və bu gələcək uğursuzluqların xəbərçisidir. Ukrayna tərəfi isə, istər ordu, istərsə də siyasətçilərin dilindən səsləndirdiyi açıqlamalarda özünə inamlı görünür və bu açıqlamalar ciddi əminlik üzərində qurulub.
Busaat/azHəşim Səhrablı























