
Sabiq FTB analitiki 4 il müddətinə azadlıqdan məhrum edilib
Sabiq FTB kəşfiyyat analitiki Kendra Kinqsberi evində yüzlərlə məxfi sənədi qeyri-qanuni saxladığına görə dörd ilə yaxın azadlığdan məhrum edilib.
Busaat.az bu barədə NBC News-ə istinadən xəbər verir.
50 yaşlı Kendra Kinqsberi 3 il 10 ay federal həbs cəzasına məhkum edilib.
Oktyabrda Kinqsberi milli müdafiə ilə bağlı sənədlərin qanunsuz saxlanması ilə bağlı iki ittiham üzrə təqsirli bilinib. Sabiq prezident Donald Trampa qarşı irəli sürülən ittihamlar kimi, bu iş də Casusluq Aktının pozulması kimi qiymətləndirilir.
12 ildən çox FTB-də kəşfiyyat üzrə analitik kimi çalışmış Kinqsberi iş yerindən dəfələrlə məxfi dövlət materiallarını sızdırmaqda ittiham olunur. Onun Şimali Kanzas-Sitidəki evində ələ keçirib saxladığı bəzi sənədlərin içərisində gizli milli müdafiə sənədləri aşkarlanıb.
Prokurorlar bildirir ki, Kinqsberi təxminən 386 məxfi sənədi qeyri-qanuni yolla əldə edib və qanunsuz olaraq saxlayıb.
Busaat.az























