
Sergey Lavrov: “Rusiya nüvə müharibəsinə qarşı bəyanata sadiqdir”
“Rusiya bu il yanvarın 3-də nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanatına sadiq qalır”.
Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Аргументы и Факты” (Arqumentı i faktı) qəzetinə müsahibəsi zamanı bildirib.
“Rusiya bu il yanvarın 3-də nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanatına sadiq qalır. Rusiyanın müəyyən nəticələrlə üzləşəcəyi barədə səs-küylü bəyanatlara gəlincə, bu cür təhdid dili, təbii ki, qəbuledilməzdir. Onlarla bu mövzunu müzakirə etmək fikrində deyilik, çünki bunun faydasızlığı açıq-aydındır” – deyə, Lavrov qeyd edib.
Xatırladaq ki, bu il yanvarın 3-də Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa liderləri nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması haqqında birgə bəyanat qəbul ediblər.
Busaat.az























