31 iyul Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması günüdür. Bu əlamətdar tarix münasibətilə Vətənimizin sərhədlərinin etibarlı mühafizəsini təmin edən, gecə-gündüz, isti-soyuq demədən xidmət aparan bütün sərhədçilərimizi səmimi qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıram.
Müstəqil Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunmasında Dövlət Sərhəd Xidməti xüsusi rol oynayır. Bu gün sərhədlərimizin etibarlı müdafiəsi, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa və digər transmilli təhdidlərə qarşı mübarizə, dövlət sərhədinin müasir tələblərə uyğun mühafizəsi məhz peşəkar sərhədçilərimizin yüksək hazırlığı və fədakar xidməti sayəsində təmin edilir.
Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək xalqımızın qürur mənbəyinə çevrildi. Sərhədçilərimiz döyüş meydanında göstərdikləri igidliklə Azərbaycan əsgərinin yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdilər. Bu şanlı tarix hər birimizin yaddaşında əbədi yaşayacaq.
Bu gün Azərbaycan sərhədləri dünyanın ən müasir texnologiyaları ilə qorunur. Dövlətimizin sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar və yaradılan müasir infrastruktur ölkəmizin müdafiə potensialını daha da artırır. Bütün bunlar isə dövlətimizin gücünün, inkişafının və təhlükəsizliyinin mühüm göstəricisidir.
Biz sərhədlərimizin keşiyində duran bütün hərbi qulluqçuların əməyini yüksək qiymətləndirir, şəhid sərhədçilərimizin əziz xatirəsini dərin ehtiramla anır, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Bir daha 31 İyul – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması günü münasibətilə bütün sərhədçilərimizi ürəkdən təbrik edir, Vətənimizin keşiyində ayıq-sayıq dayanan hər bir əməkdaşa şərəfli xidmət, möhkəm iradə, ailə səadəti və yeni uğurlar arzulayıram.
Yaşasın Azərbaycan! Yaşasın Dövlət Sərhəd Xidmətimiz! Sərhədlərimiz daim etibarlı, Vətənimiz əmin-amanlıq içində olsun!
Hörmətlə,
Təbriz Məhərrəmoğlu









