
Şimali Koreya 6 qısa mənzilli raket sınağı keçirdi
Şimali Koreyanın cümə axşamı günortadan sonra ən azı altı qısa mənzilli raket atdığı bildirilir.
Busaat.az xəbər verir ki, Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Rodong Sinmun qəzetinin yayımladığı fotoşəkillərdə Şimali Koreya lideri Kim Çen İnin Hvason artilleriya bölməsinin qərb cəbhəsində keçirilən təlimində iştirak etdiyi görünür.
Qəzetin hesabatında qeyd edilib: “Kim Çen İn düşmənin qərb cəbhəsindəki əməliyyat aerodromunu vurmaq vəzifəsi öz üzərinə götürən bölmənin faktiki döyüş mövqeyini araşdırıb”.
Məlumata görə, Şimali Koreyanın keçirdiyi sınaqdan çıxan raketlər Sarı dənizə atılıb.
Sınaqdan qısa müddət sonra Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın ölkənin qərb hissəsindəki Nampo bölgəsindən qısa mənzilli ballistik raket atdığını bildirib.
Rodong Sinmun qəzetinin məlumatına görə, Kim Çen deyib ki, artilleriya bölmələri iki missiyaya hazır olmalıdır: “Birincisi, müharibənin qarşısını almaq, ikincisi isə real döyüş üçün müxtəlif simulyasiya təlimlərini daim gücləndirərək döyüşdə təşəbbüsü ələ almaqdır”.
Busaat.az























